Görüntünün ayrı-ayrı piksellərini redaktə etmək (rəngini dəyişdirmək) üçün “Karandaş” (Pencil) alətindən istifadə olunur. Bu zaman “tor” rejimindən istifadə edilməsi çox əlverişli olur. Bu rejimə Paint proqramında menyunun View⇨Gridlines (PaintNET proqramında View⇨Pixel Grid) komandasından keçilir.
Windows əməliyyat sistemində rastr görüntüləri saxlamaq üçün əsas format Windows Bitmap formatıdır. Bu formatlı faylların uzantısı BMP olur. Uzantısı GIF və ya JPEG olan rastr görüntülərdən də geniş istifadə edilir (başlıca olaraq İnternetdə). Son zamanlar PNG formatı da geniş yayılmışdır. Bu formatlarda faylın ölçüsü hiss ediləcək dərəcədə azalsa da, görüntünün keyfiyyəti, demək olar ki, azalmır. Rastr görüntüləri yüksək keyfiyyətdə saxlamaq üçün TIFF formatından istifadə olunur.
Rastr qrafikası, demək olar ki, kifayət qədər mürəkkəbliyə və dəqiqliyə malik rəsmlər yaratmağa imkan verir. Bu, rastr görüntülərin başlıca üstünlüyüdür . Bununla belə, rastr qrafikasının bəzi çatışmazlıqları da vardır. Bu nöqsanlar rəsmdə daha yüksək dəqiqlik və xətlərin aydınlığı tələb olunduqda meydana çıxır. Birincisi, yüksək çözümlülüyə malik rastr görüntülərin həcmi çox böyük olur. İkincisi, rastr görüntüləri böyüdüb-kiçildən zaman çətinliklər yaranır. Belə ki, miqyası böyüdəndə rastr elementləri görünür və nəticədə görüntü təhrif olunur.