Burulğanlı elektrik sahəsi elektrostatik sahədən kəskin fərqlənir:
a) elektrostatik sahəni sükunətdəki elektrik yükü, burulğanlı elektrik sahəsini isə dəyişən maqnit sahəsi yaradır;
b) elektrostatik sahənin intensivlik xətləri müsbət yükdən başlayır, mənfi yükdə qurtarır. Burulğanlı elektrik sahəsinin intensivlik xətlərinin nə başlanğıcı, nə də sonu var, o, maqnit induksiya xətləri kimi qapalıdır.
İnduksiya cərəyanının istiqamətini necə müəyyənləşdirmək olar?
Apardığınız araşdırmada müəyyən etdiniz ki, maqniti qapalı halqaya daxil etdikdə halqa maqnitdən itələnir, əksinə, maqniti halqadan çıxarıb uzaqlaşdırdıqda isə halqa maqnitə cəzb olunur. Eyni effekt maqnitin hər iki qütbündə təkrarlanır. Lakin maqniti halqa daxilində sükunətdə saxladıqda isə maqnitlə halqa arasında heç bir qarşılıqlı təsir yaranmır. Maqniti kəsik halqaya daxil edib çıxardıqda da heç bir hadisə baş vermir. Bu onunla izah edilir ki, qapalı konturu kəsən maqnit sahəsinin ixtiyari dəyişməsi nəticəsində bu konturda induksiya cərəyanı yaranır, kəsik halqada isə (kontur açıq olduqda) induksiya cərəyanı yaranmır. Deməli, qapalı-keçirici konturdan keçən induksiya xətlərinin sayının dəyişməsi bu konturda induksiya cərəyanının yaranmasına səbəb olur.
Maqniti halqaya daxil etdikdə yaranan induksiya cərəyanı elə istiqamətə yönəlir ki, bu cərəyanın yaratdığı maqnit sahəsi sabit maqnitin maqnit sahəsinin güclənməsinə əks-təsir göstərsin. Maqniti halqadan çıxardıqda isə yaranan induksiya cərəyanı elə istiqamətə yönəlir ki, bu cərəyanın yaratdığı maqnit sahəsi sabit maqnitin maqnit sahəsinin zəifləməsinə əks-təsir göstərsin.
Bu hadisələri araşdıran rus fiziki Emil Lens 1833-cü ildə induksiya cərəyanının istiqamətini təyin edən ümumi qaydanı – Lens qaydasını müəyyənləşdirdi:
• İnduksiya cərəyanı elə istiqamətə yönəlir ki, onun yaratdığı maqnit sahəsi bu cərəyanı yaradan xarici maqnit sahəsinin ixtiyari dəyişməsinə əks-təsir göstərir.
Bu, o deməkdir ki, əgər xarici maqnit sahəsi güclənərsə, induksiya cərəyanının maqnit sahəsi bu güclənməyə mane olacaqdır. Bu zaman induksiya cərəyanının maqnit induksiyası xarici maqnit sahəsinin induksiyasının əksinə yönəlir (c). Əgər xarici maqnit sahəsi zəifləyərsə, induksiya cərəyanının maqnit sahəsi bu zəifləməyə mane olacaqdır. Bu zaman induksiya cərəyanının maqnit induksiyası xarici maqnit sahəsinin induksiyasının istiqamətinə yönəlir (d).