• | Elektromaqnit induksiya hadisəsini kəşf etmiş, ilk elektrik cərəyanı generatorunun konstruksiyasını vermiş, elektroliz qanunlarını kəşf etmişdir. Elektrik yüklərinin saxlanması qanununu təcrübi olaraq sübut etmiş, işığın elektromaqnit təbiətli olması ideyasını irəli sürmüşdür. O, “katod”, “anod”, “ion”, “elektroliz”, “elektrolit” anlayışlarını elmə gətirmişdir. |
Faradeyin təcrübələrindən bəzilərini siz də araşdırmada icra etdiniz. Məlum oldu ki, sabit maqniti sarğaca daxil etdikdə və ya sarğacdan çıxardıqda onun dolaqlarında elektrik cərəyanı yaranır. Maqnitin bu və ya digər istiqamətdə hərəkəti zamanı qalvanometrin əqrəbinin əks istiqamətlərə meyil etməsi dolaqlarda yaranan elektrik cərəyanının istiqamətinin dəyişdiyini göstərdi. Maqniti sarğacın daxilində sükunətdə saxladıqda və ya yerindəcə fırlatdıqda isə dolaqlarda cərəyan yaranmadı. Buradan belə bir nəticəyə gəlmək olar ki, maqnitin sarğac boyunca ixtiyari irəliləmə hərəkəti onun qapalı dolaqlarında elektrik cərəyanı yaradır. Bu hadisə elektromaqnit induksiya hadisəsi, konturda yaranan cərəyan isə induksiya cərəyanı adlanır.
• Konturda maqnit sahəsinin dəyişməsi ilə bu konturda elektrik cərəyanının yaranması elektromaqnit induksiyası hadisəsi, yaranan cərəyan isə induksiya cərəyanı adlanır.
Maqnit sahəsinin dəyişməsi nə deməkdir?
Sabit maqnitin qapalı dolağı kəsib keçən induksiya xətlərinin sayının dəyişməsi (artması və ya azalması) maqnit sahəsinin dəyişməsi deməkdir (d).Maqnit sahəsinin dəyişməsini yalnız sabit maqniti sarğac daxilində irəliləmə hərəkəti etdirməklə deyil, digər üsullarla da həyata keçirmək olar. Məsələn, əgər sabit maqnit elektromaqnitlə əvəz olunarsa, sarğacdakı maqnit sahəsinin dəyişməsinə elektromaqnitdəki cərəyan şiddətini dəyişməklə də nail olunur. Yaxud qapalı kontur (bu və digər yerlərdə keçirici kontur nəzərdə tutulur) sabit maqnit sahəsində onun induksiya xətlərini kəsib keçməklə hərəkət edərsə, bu konturda induksiya cərəyanı yaranar. Lakin sarğac bircins maqnit sahəsində irəliləmə hərəkəti etdikdə onda induksiya cərəyanı yaranmır, çünki bircins sahədə sarğac müstəvisini kəsən induksiya xətlərinin sayı dəyişmir.