2.13
● Ersted təcrübəsinin mahiyyəti nədən ibarətdir?
● Amper fərziyyəsinə görə, maqnit sahəsinin mənşəyi nədir?
● Maqnit sahəsi elektrik cərəyanı yarada bilərmi?
Araşdırma
1
Sarğacda elektrik cərəyanını yaradan nədir?
Təchizat: sarğac, düz maqnit, qalvanometr, birləşdirici naqillər.
İşin gedişi:
- Sarğacın sıxaclarını qalvanometrə birləşdirin.
- Düz maqniti sarğaca daxil edib çıxarın və bu zaman qalvanometrin əqrəbinə diqqət
yetirin (a və b).
- Sarğacın içərisinə düz maqnit yerləşdirib onu sükunətdə saxlayın, sonra isə maqniti masanın
səthindən ayırmadan yerindəcə fırladın və qalvanometrin əqrəbini izləyin (c).
Nəticəni müzakirə edin:
- Maqnitin sarğaca daxil edilib-çıxarılması zamanı qalvanometrin əqrəbinin gah sağa,
gah da sola meyil etməsindən hansı nəticəyə gəlmək olar?
- Maqniti sarğacın daxilində sükunətdə saxladıqda və ya yerindəcə fırlatdıqda
qalvanometrin əqrəbinin sıfır bölgüsünün üzərində durması nə deməkdir?
- Araşdırmadan hansı fərziyyəni irəli sürmək olar?
H.Erstedin apardığı təcrübələr (1820-ci il) sübut etdi ki, elektrik cərəyanı öz ətrafında
maqnit sahəsi yaradır. Bu təcrübələr əsasında A.Amper “molekulyar cərəyanlar”
fərziyyəsini irəli sürdü.
Əgər elektrik cərəyanı maqnit sahəsi yaradırsa, maqnit sahəsi də elektrik
cərəyanı yarada bilərmi?
İngilis alimi Maykl Faradey ilk dəfə olaraq 1831-ci ildə bu suala cavab verdi. O apardığı
çoxsaylı təcrübələrin köməyi ilə müəyyən etdi ki, maqnit sahəsinin dəyişməsi qapalı
keçirici dolaqda (konturda) elektrik cərəyanı yaradır.