Maqnit əqrəbləri Yerin hər bir nöqtəsində (Yerin qütblərindən və dəmir filizi ilə zəngin yerlərdən başqa) daim onun şimal və cənub qütblərinə doğru istiqamətlənir. Bu onu göstərir ki, planetimiz maqnit xassəsinə malikdir və ətrafında güclü maqnit sahəsi yaradır. Yerin maqnit şimal qütbü onun coğrafi Cənub qütbünün yaxınlığında (Antarktidada), maqnit cənub qütbü isə coğrafi Şimal qütbünün yaxınlığında (Kanadanın şimalında) yerləşir (b).
Maqnitosfer. Yer kürəsinin maqnit sahəsi onun maqnitosferi adlanır (c). Maqnitosfer, onun mövcudluğunu ilk dəfə təyin edən ABŞ astrofiziki Ceyms Alfred Van Allenin şərəfinə “Van Allen qurşaqları” adlandırılır. Yer səthindən başlayaraq on minlərlə kilometr uzaqlıqda olan “Van Allen qurşaqları” Yerdəki canlıları kosmosdan və Günəşdən gələn məhvedici enerjidən, zərərli kosmik şüalardan qoruyan “sipər” rolunu oynayır (d).
Qeyd edək ki, Günəş sistemində Yerdən başqa Merkuri, Yupiter və Saturn planetlərində də maqnit sahəsi aşkar edilmişdir. Ay maqnit sahəsinə malik deyildir.
Maqnit qasırğası. Günəş atmosferində güclü partlayışlar baş verdikdə kosmik fəzaya atılan sürətli yüklü zərrəciklərin bir hissəsi “Van Allen qurşaqları”nı keçərək Yer atmosferinə daxil ola bilir. Nəticədə bu zərrəciklərin yaratdığı maqnit sahəsi Yerin maqnit sahəsinə təsir edərək onu gücləndirir - maqnit qasırğası baş verir. Maqnit qasırğası zamanı radiorabitədə pozulmalar yaranır, insanların səhhəti pisləşir, Şimal qütbünə yaxın ərazilərdə isə qütb parıltısı və s. baş verir.