Aparılan tarixi araşdırmalardan məlum olmuşdur ki, ilk dəfə VIIVIII əsrlərdə çin kahinləri müşahidə etmişlər ki, ipək sapdan asılan maqnitlənmiş dəmir iynə həmişə Qütb ulduzu istiqamətinə - Yerin şimal-şərqinə doğru dönür. Maqnitlənmiş metalın bu xassəsi XI əsrdə əvvəlcə Çində, sonra isə Ərəbistanda gəmi kompasının ixtirası ilə nəticələndi. O, mis və ya taxta lövhə üzərində sərbəst fırlanabilən maqnitlənmiş metal qaşıqdan ibarət idi. Qaşığın hansı istiqamətə fırladılmasından asılı olmayaraq, onun dəstəyi həmişə Yerin cənub qütbü istiqamətində dururdu. Avropada isə kompas XV əsrdə tətbiq olunmağa başlanmışdır.
• Maqnitlər və ya maqnitlənmiş cisimlər arasında maqnit sahəsi necə yaranır?
•Təbiətdə maqnit sahəsinin mənbəyi olan maqnit yükü varmı?
Sizin icra etdiyiniz bu araşdırmanı ilk dəfə 1820-ci ildə Danimarka alimi Hans Ersted aparmışdır: dövrədə cərəyan olmadıqda maqnit əqrəbi Yerin Şimal və Cənub qütblərinə doğru istiqamətlənir. Naqili əqrəbə paralel yerləşdirib dövrəni qapadıqda maqnit əqrəb 90° dönərək cərəyanlı naqilə perpendikulyar vəziyyət alır. Dövrəni açdıqda isə əqrəb yenidən başlanğıc vəziyyətinə qayıdır. Bununla da Ersted cərəyanlı naqilin öz ətrafında maqnit sahəsi yaratdığını kəşf edir. Ersted təcrübəsinə əsasən, fransız fiziki Andre Amper “dairəvi molekulyar cərəyanlar” fərziyyəsini irəli sürür. Bu fərziyyəyə görə, təbiətdə maqnit sahəsini yaradan “maqnit yükü” mövcud deyil, atom və molekullar daxilində elementar dairəvi cərəyanlar mövcuddur. Sonralar müəyyən edildi ki, elementar cərəyanlar atomdakı elektronların öz orbitləri boyunca hərəkətləri nəticəsində yaranır. Milyonlarla elementar cərəyanların dövr etdikləri müstəvilər bir-birinə nəzərən nizamlı yerləşdikdə onların yaratdıqları elementar maqnit sahələri toplanır.