Araşdırmadan görünür ki, sapdan asılan maqnit hansı istiqamətdə fırladılmasına baxmayaraq, o, bütün hallarda eyni vəziyyət – şimal-cənub istiqamətini alır. Bu onunla əlaqədardır ki, Yer kürəsi iki maqnit qütbünə malikdir (bax: dərs §2.4). Ona görə də Yerin Şimal coğrafi qütbünə istiqamətlənən maqnit qütbü şimal (N – ingilis sözü “North”), Yerin Cənub coğrafi qütbünə istiqamətlənən maqnit qütbü isə cənub (S – ingilis sözü “South”) adlandırıldı. Adətən maqnitlərin qütblərini fərqləndirmək üçün onlar iki rənglə boyanır: şimal (N) tərəfi göy (və ya ağ), cənub (S) tərəfi isə qırmızı. Rənglərin sərhədi maqnitin orta xəttinə uyğundur.
Yalnız bir qütbü olan maqnit mövcuddurmu? Maqnit ixtiyari istiqamətdə iki (və ya daha çox) hissəyə bölünərsə, bu hissələr, hər biri – şimal və cənub qütblərindən ibarət kiçik maqnitə çevrilər (e). Bu o deməkdir ki, ixtiyari maqnit hər biri iki qütbdən ibarət çoxlu sayda kiçik maqnitlərdən ibarətdir (f).
Hər bir maqnitin mütləq iki qütbü olur: şimal (N) və cənub (S). Maqnitlərin müxtəlifadlı qütbləri bir-birini cəzb edir, eyniadlı qütbləri isə bir-birini itələyir.
Maqnitin bu xassəsindən praktikada geniş istifadə olunur, məsələn, maqnit əqrəbində.
Maqnit əqrəbi – iki qütbə malik kiçik sabit maqnitdir. O, yüngül polad lövhədən hazırlanır.
Əqrəbin ortasında şüşədən yataq vardır. Bu yataq itiuclu milə söykənir, onun sayəsində əqrəb üfüqi müstəvidə istənilən tərəfə asanlıqla dönür. Əqrəbin şimal qütbü Yer kürəsinin Şimal, cənub qütbü isə Yerin Cənub coğrafi qütbünə doğru yönəlir. Kompasın əsas hissəsi maqnit əqrəbidir (g).