• Termorezistor – temperaturun dəyişməsi ilə müqaviməti geniş intervalda dəyişə bilən rezistordur. Şəkildə termorezistorun xarici görünüşü və elektrik sxemlərindəki şərti işarəsi təsvir edilmişdir (b).
• Fotorezistor – işıqlanmanın dəyişməsi ilə müqaviməti geniş intervalda dəyişə bilən rezistordur. Şəkildə fotorezistorun xarici görünüşü və elektrik sxemlərindəki şərti işarəsi təsvir edilmişdir (c).
Termorezistor və fotorezistorların yüksək həssaslığından müasir radioelektronika, robot texnikası, telemexanika və s. elm-texnika sahələrində geniş istifadə edilir.
Termoelement və fotoelement. Bu yarımkeçirici cihazlar bir neçə aşqarlı yarımkeçiricidən hazırlanmışdır.
Termo- və fotoelementlər elektrik cərəyanını yaradan mənbə ola bilir.
Yarımkeçirici termoelement – ayrı-ayrı p-tip və n-tip yarımkeçirici kristallardan ibarətdir (d).
Onların yuxarı ucları qızdırıla bilən metal lövhəyə (sarı rənglə göstərilmişdir), aşağı ucları isə ayrı-ayrı metal kontaktlara bərkidilir. Bu kontaktlar (yaşıl rənglə göstərilmişdir) hava ilə soyudulur. Metal lövhəyə verilən istilik miqdarının təsiri ilə p-tip yarımkeçiricidə deşiklərin, n-tip yarımkeçiricidə isə elektronların sayı artır. Bu zərrəciklər kristaldakı eyniadlı zərrəciklərdən itələnərək onun aşağı hissəsinə doğru hərəkətə başlayır. Nəticədə kristalların aşağı uclarına birləşdirilən kontaktlarda əksişarəli yüklər toplanır – ekoloji təmiz cərəyan mənbəyi yaranır.
Yarımkeçirici fotoelement – tərkibinə aşqar əlavə edilməklə səthində p-tip keçidli sahə yaradılmış n-tip silisium kristalından ibarətdir (e).