Elektron-deşik keçidi (və ya p-n keçidi). İki yarımkeçirici kristalın, p - və n-tip kristallarının toxunma hissəsində elektron-deşik keçidi (və ya p-n keçidi) yaranar. Bu zaman n-tip kristaldan elektronlar, p-tip kristaldan isə deşiklər hərəkətə gələrək toxunma sərhədindən qarşı tərəflərə diffuziya edəcək. Nəticədə toxunma sərhədinin n- hissəsində müsbət, p- hissəsində isə mənfi yüklərin miqdarı artacaqdır – yarımkeçirici kristalın p-n keçidində müxtəlif işarəli yüklərin öz-özünə toplandığı a təbəqəsi yaranacaqdır (b).
Bu təbəqənin yükləri arasında yaranan elektrik sahəsi kristalların toxunduğu ab sərhədində elektronların n-hissədən p-hissəyə, deşiklərin isə p-hissədən n-hissəyə sonrakı keçidlərinin qarşısını alır. P-n keçidinə malik kristal sabit cərəyan dövrəsinə qoşularsa, o, cərəyanı yalnız bir istiqamətdə yaxşı keçirəcəkdir. Bu istiqaməti təyin etmək çətin deyildir.
Düz keçid. Fərz edək ki, n-tip kristal cərəyan mənbəyinin mənfi, p-tip kristal isə müsbət qütbünə birləşdirilmişdir. Bu zaman cərəyan mənbəyinin yaratdığı elektrik sahəsinin təsiri ilə n-tip kristaldan elektronlar, p-tip kristaldan isə deşiklər bir-birinə qarşı ab sərhədinə doğru hərəkət edəcək. Sərhədi keçən elektronlar deşikləri dolduraraq a-b sərhədinin qalınlığını və deməli, kristalın ümumi elektrik müqavimətini azaldacaqdır – dövrədən elektrik cərəyanı asanlıqla keçəcəkdir (c).
• Elektrik yükdaşıyıcılarının yarımkeçirici kristallardan belə p-n keçidi düz keçid adlanır.