• Qövs boşalması – cərəyan mənbəyinə qoşulan iki kömür elektrodu bir-birinə toxundurub sonra araladıqda onlar arasında çox parlaq qövsşəkilli işıqlanma müşahidə olunur (e). Bu boşalmada cərəyan şiddəti çox böyük qiymət alır. Qövs boşalmasının səbəbi yüksək temperatura qədər qızmış katodlar arasındakı havanın ionlaşmasıdır – elektrik boşalmasıdır. Qövs boşalmasından elektrik qaynaq işlərində, kinoprojektorlarda istifadə olunur.
• Tac boşalması – iti ucluqlu yüklü naqillərin ətrafında yaranan güclü elektrik sahəsinin təsiri ilə havanın elektron zərbəsi ilə ionlaşmasıdır. Havanın ionlaşması bu naqillərin uclarında işıldayan tac formasında müşahidə olunur. Tac boşalması yüksək gərginlik xətlərinin yaxınlığında daha çox yaranır.
Plazma. Qazın qismən və ya tamamilə ionlaşmış halı plazma adlanır.
Plazma ümumilikdə neytral qazdır, çünki orada müsbət və mənfi yüklərin miqdarı, demək olar ki, eynidir. Plazma alçaq və ya yüksək temperaturlu ola bilir. O, yüksək elektrikkeçirmə xassəsinə malikdir. Plazma bu xassəsinə görə ifratkeçiricilərə daha yaxındır. Plazma Kainatda geniş yayılmışdır: Günəş və digər ulduzlar, onların atmosferi yüksək temperaturlu plazmadan ibarətdir.