Bu proses zərbə ionlaşması hadisəsi adlanır.
Beləliklə, müstəqil qaz boşalması zərbə ionlaşması və katodun səthindən elektronların emissiyası vasitəsilə baş verir.
Müstəqil qaz boşalmasının dörd növü var: alovsuz boşalma, qığılcım boşalması, qövs boşalması, tac boşalması.
• Alovsuz boşalma – aşağı təzyiqlərdə şüşə boru daxilindəki anod və katod aralığında işıqlanan zolaq şəklində müşahidə olunur. Araşdırmada alovsuz boşalmanı müşahidə etdiniz. Bu boşalmadan işıq mənbəyi kimi reklam borularında geniş istifadə olunur. Əgər boruya neon qazı vurulubsa, o, qırmızı rəngdə, arqon qazı vurulubsa – yaşıl-mavi rəngdə işıqlanır (c).
• Qığılcım boşalması – havada elektrodlar arasında yüksək gərginlik olduqda baş verir və nazik ziqzaq formalı işıqlı kanallar dəstəsi şəklində müşahidə edilir. Belə boşalmaya sintetik geyimi çıxaran vaxt və ya elektriklənmiş elektrofor maşınının konduktorlarını bir-birinə yaxınlaşdıran vaxt qığılcımın, tufanlı havada şimşəyin yaranmasını misal göstərmək olar.
Maraqlı atmosfer hadisəsi olan ildırım necə yaranır? İldırım – buludla Yer arasında və ya iki müxtəlif yüklü bulud arasında yaranan müstəqil qaz boşalmasıdır. Yuxarı qalxan hava axını buludun içərisindən sürətlə keçdikdə sürtünmə nəticəsində buludun elektriklənməsi baş verir.
Havanın müsbət ionları buludun yuxarı hissəsinə, mənfi su ionları isə aşağı hissəsinə toplanır. Elektriklənmiş hissələr arasında güclü elektrik sahəsi əmələ gəlir. Bir buludun müsbət qütbü ilə digər buludun mənfi qütbü və ya Yer səthindəki yüklü cisimlər arasında gərginlik müəyyən həddə çatdıqda havada deşilmə (havada elektrik cərəyanının keçməsi) baş verir.