Qazda iki üsulla sərbəst yükdaşıyıcılar yaratmaq olar:
1. Qaz molekullarını xarici təsirlə ionlaşdırmaqla. Qazın neytral atom və molekullarını ionlaşdıran xarici təsirlər ionlaşdırıcı adlanır. Xarici təsirlər olan yüksək temperatur, şüalandırmaq, yüksəksürətli zərrəciklərlə “bombardman” etmək və s. ionlaşdırıcıdır.
2. Qaz mühitinə xaricdən yüklü zərrəciklər (elektron, ion) daxil etməklə. Məsələn, şamı yandırdıqda onun alovu havanı sərbəst yükdaşıyıcılar olan müsbət və mənfi ionlarla təchiz edir.
Xarici təsirlə qaz necə ionlaşdırılır? Yüksək temperatura qədər qızdırılan qazın atomları (və ya molekulları) elə böyük sürətə malik olur ki, onlar bir-biri ilə toqquşduqda elektrona və müsbət iona parçalanır (b).
Bu proseslə yanaşı neytral qaz atomları sərbəstləşmiş elektronları özünə birləşdirərək mənfi iona çevrilir və qazda mənfi ionlar da yaranır (c). Beləliklə, qazın ionlaşması baş verir. İonlaşmış qaz xarici elektrik sahəsinə gətirildikdə sərbəstləşmiş elektronlar, müsbət və mənfi ionlar nizamlı hərəkət alaraq qazın elektrik keçiriciliyini təmin edir.
• Qazlarda elektrik cərəyanı qaz boşalması adlanır. Qazlarda elektrik cərəyanı elektrik sahəsinin təsiri altında elektronların, müsbət və mənfi ionların nizamlı hərəkətidir.
İonlaşdırıcının təsiri kəsildikdə elektronlar və müsbət ionlar bir-birinə yaxınlaşaraq yenidən neytral atoma çevrilir. Bu proses rekombinasiya adlanır. Zərrəciklərinin rekombinasiyası nəticəsində qaz yenidən dielektrikə çevrilir və xarici elektrik sahəsinin olmasına baxmayaraq, qaz boşalması kəsilir.
• İonlaşdırıcının təsiri altında baş verən qaz boşalması qeyri-müstəqil qaz boşalması adlanır.