Metalı qızdırdıqda sərbəst elektronların kinetik enerjisi artır, nəticədə enerjisi daha böyük olan elektronlar metalı tərk edir.
Termoelektron emissiyası hadisəsindən praktik məqsədlər üçün necə faydalanmaq olar? Əgər qapalı elektrik dövrəsinə termoelektron emissiyası baş verən qurğu qoşub metaldan buxarlanan elektronlara istiqamətlənmiş hərəkət verilərsə, o, dövrədən biristiqamətli çərəyan keçməsini təmin edər.
Vakuum diodu. İş prinsipi termoelektron emissiyasına əsaslanan, katod və anoddan ibarət ikielektrodlu vakuum balonu ikielektrodlu elektron lampası və ya vakuum diodu adlanır.
Vakuum diodunun başlıca xüsusiyyəti ondan ibarətdir ki, orada elektronlar yalnız bir istiqamətdə – katoddan anoda doğru hərəkət edə bilir.
Belə ki, qızdırılan katodun səthindən emissiya edən elektronlar onun ətrafında elektron buludu yaradır. Katod cərəyan mənbəyinin mənfi, anod isə müsbət qütbünə birləşdirilərsə, bu elektrodlar arasında yaranan elektrik sahəsinin təsiri ilə elektronlar anoda doğru nizamlı hərəkət edir. Onlar anoda çatdıqda dövrə qapanır, ondan cərəyan keçir. Şəkildə ikielektrodlu vakuum lampasının kəsiyi və onun sxemlərdəki şərti işarəsi təsvir edilmişdir (c). Əksinə, katod cərəyan mənbəyinin müsbət, anod isə mənfi qütbünə birləşdirilərsə, buluddakı elektronlar geriyə, katodun səthinə qayıdaraq dövrəni qapamır – dövrədən cərəyan keçməsini təmin etmir. Deməli, vakuum diodunda cərəyanın əks keçidi yoxdur. Hazırda lampalı diod yarımkeçirici diodlarla əvəz edilmişdir.Elektron-şüa borusu. Elektron-şüa borusu uzun illər kompüter, radiolokator, elektron mikroskopu, televizor və başqa cihazların mühüm hissələrindən biri olmuşdur.
Nazik elektron selini (dəstəsini) sürətləndirməklə elektrik siqnallarını işıq siqnallarına çevirən vakuum cihazı – elektron-şüa borusudur (d).
Elektron-şüa borusunun enli divarı ekran rolunu oynayan konusvarı vakuum balonundan (1) ibarətdir. Borunun dar ucunda elektron topu yerləşir. Elektron topu qızdırılan katoddan (2), silindrik formalı idarəedici elektroddan (3) və anoddan (4) ibarətdir. Qızdırılan katoddan buraxılan elektronlar katodla anod arasında yaranan elektrik sahəsinin təsiri ilə anoda doğru istiqamətləndirilməklə sürətli elektron seli (dəstəsi) yaranır. Katodla anod arasındakı gərginlik 500V ÷ 20 kV intervalında olur. Belə güclü sahədə elektron selinin kinetik enerjisi çox böyük olduğu üçün onlar anodun daxilindən böyük sürətlə keçərək xüsusi təbəqə ilə örtülən ekrana düşür və orada işıqlanma yaradır.