Bunun üçün elə etmək lazımdır ki, vahid zamanda bölünən nüvələrin sayı eyni olsun. Həmin prosesi həyata keçirmək məqsədilə tətbiq olunan qurğu nüvə reaktoru adlanır.
• İdarəolunan zəncirvarı nüvə reaksiyası əldə etməyə və onu istənilən qədər saxlamağa imkan verən qurğu nüvə reaktoru adlanır.
Nüvə reaktorunun əsas elementləri bunlardır:
1) nüvə yanacağı ( 92235U; 92238U;94239Pu və s.) – o, xüsusi ampulalara doldurularaq reaktorun aktiv həcmində yerləşdirilir;
2) neytron yavaşıdıcısı (ağır və ya adi su, qrafit və s.) – o sürətli neytronları yavaşıdaraq onların nüvə yanacağı ilə qarşılıqlı təsirini təmin edir;
3) istilik ötürücüsü (soyuq su və ya maye natrium) – nüvə reaksiyasından ayrılan istiliyi buxar generatoruna ötürür;
4) tənzimləyici qurğu (tərkibində kadmium və ya bor olan çubuqlar) – reaksiya prosesində neytronların artma əmsalını idarə edir:çubuqlar tamamilə aktiv həcmə daxil edildikdə neytronların artma əmsalı k < 1 olur. Əgər çubuqlar aktiv həcmdən çıxarılarsa, k > 1 olur (bax: mövzu 4.13). Radiasiyanın (γ-şüalanma, neytronlar seli və s.) qarşısını almaq üçün reaktor xaricdən hermetik qoruyucu örtüklə əhatə olunur (a).
İlk nüvə reaktoru 1942-ci ildə ABŞ-da Enriko Ferminin rəhbərliyi altında hazırlanmışdır. Avropada ilk reaktoru keçmiş SSRİ-də 1946-cı ildə İqor Kurçatovun rəhbərlik etdiyi alimlər qrupu işə salmışdır. Bu qrupun üzvlərindən biri azərbaycanlı görkəmli radiokimyaçı alim Abbas Abbasəli oğlu Çayxorski olmuşdur.
• | Keçmiş Sovet İttifaqında adı gizli saxlanılmış, uzun illər (1961–1989) nüvə reaktorlarının təhlükəsizliyi üzrə SSRİ Dövlət Komitəsinin sədri olmuşdur. Kimyəvi elementlərin yeni dövri sistemini yaratmışdır. |