• | Radioaktiv şüalanmanın tərkibi nədir? |
• | Sinfinizdə, yaşadığınız evdə, dənizkənarı bulvarda, yediyimiz meyvə-tərəvəzdə radioaktiv şüalanma varmı? |
• | Bütün radioaktiv şüalar insan üçün təhlükəlidirmi? |
Radioaktiv şüalanma və onun tərkibi. Radioaktiv şüalanmanın təsiri müəyyən şəraitdə bütün canlı orqanizmlər üçün təhlükəli ola bilər. Bu təsirin xarakteri şüalanmanın növündən və intensivliyindən asılıdır. Hətta nisbətən zəif şüalanma canlı toxumaların normal fəaliyyətini poza bilir. Belə ki, nüvə şüalanmasının təsiri ilə orqanizmin toxumalarında atomlardan elektronlar qoparaq onların ionlaşması baş verir – toxuma həmin hissədən zədələnir. Nəticədə, canlı orqanizmin əsəb sisteminin fəaliyyəti, maddələr mübadiləsi, hüceyrələrin bölünmə prosesi, nəsil davametdirmə qabiliyyəti pozulur. Orqanizm ölümlə nəticələnən ağ qan (eritrositlərin sürətlə azalması), xərçəng və şüalanma xəstəliyinə tutulur.
Radioaktiv şüalanma mürəkkəb tərkibə malikdir. O, α və β-zərrəcikləri, γ və rentgen şüalanması, proton, neytron, ağır elementlərin ionlarından ibarət ola bilər.
α-zərrəciklər adi kağız vərəqdən və insan dərisindən keçə bilmir. Lakin onun açıq yaradan, qidadan və nəfəs yolları ilə havadan orqanizmə düşməsi insan üçün çox təhlükəlidir.
β-zərrəciklər böyük nüfuzetmə qabiliyyətinə malikdir: onlar insan dərisindən keçib içərilərə doğru bir neçə santimetr nüfuz edə və toxumaları ciddi zədələyə bilir.
Ən dərin nüfuzetmə qabiliyyətinə isə γ və rentgen şüalanması, habelə neytronlar malikdir. Onların qarşısını çox qalındivarlı beton və ya qurğuşun örtük ala bilər. Ona görə də şüalanmanın bu tərkibi bütün canlılar üçün ən böyük təhlükədir.
Şüalanmadan qorunmağın ən sadə yolu şüalanma mənbəyindən mümkün qədər uzaqda olmaqdır, çünki şüalanmanın intensivliyi mənbədən olan məsafənin kvadratından tərs mütənasib asılıdır.
Şüalanmanın udulma dozası. Şüalanmanın canlı orqanizmlərə təsiri şüalanmanın udulma dozası adlanan fiziki kəmiyyətlə xarakterizə olunur.
• Şüalanmanın udulma dozası – cismin udduğu şüalanma enerjisinin onun kütləsinə nisbəti ilə ölçülən fiziki kəmiyyətdir:
D = E
m.
Burada D – şüalanmanın udulma dozası, E – udulan şüalanmanın enerjisi, m – şüa udan cismin kütləsidir.