Bu reaksiyaların hər birindən növbəti “nəsil” neytronlar yaranır və beləliklə, ilkin neytronların təsiri altında uran nüvəsinin bölünməsinin uzun zənciri alınır (a).
• Zəncirvarı reaksiya – bölünən uran nüvələrinin sayının sel artımıdı
Zəncirvarı reaksiyada onu yaradan zərrəciklər həmin reaksiyanın məhsulu kimi yaranır.
Zəncirvarı nüvə reaksiyasının baş verməsinin zəruri şərtləri. Zəncirvarı nüvə reaksiyasının mövcud olması üçün iki zəruri şərt ödənilməlidir:
1. Zəncirvarı reaksiyası zamanı neytronların artma əmsalı vahidə bərabər və ya ondan böyük olmalıdır.
• Hər hansı nəsildə olan neytronlar sayının ondan əvvəlki nəsil neytronlar sayına nisbəti neytronların artma əmsalı (k) adlanır:
k = Nsonrakı
Nəvvəlki.
Deməli, zəncirvarı nüvə reaksiyasının getməsi üçün neytronların artma əmsalı k ≥ 1 olmalıdır. Əgər k > 1 olarsa, bölünmə yaradan neytronların sayı getdikcə artar və idarəedilməyən – partlayışa səbəb olan zəncirvarı nüvə reaksiyası baş verər. Əgər k < 1 olarsa, bölünmə yaradan neytronların sayı getdikcə azalar və reaksiya sönər. Əgər k = 1 olarsa, bölünmə yaradan neytronların sayı dəyişməz qalar və idarəolunan zəncirvarı nüvə reaksiyası baş verər.
2. Uranın kütləsi müəyyən minimal miqdarda - böhran kütləsinə bərabər və ya ondan böyük olmalıdır. Böhran kütləsi neytronların uran nüvələri ilə toqquşma imkanını artırır, zəncirvari reaksiyanın baş verməsini təmin edir. Bu kütlədən kiçik olduqda neytronların uran nüvəsi ilə qarşılıqlı təsirə məruz qalma ehtimalı azalır. Onlar nüvədən kənar “uçub” keçir - zəncirvari reaksiya baş vermir.