• Lazer – “Light Amplification by Stimulated Emission of Radiation” ingilis sözlərinin baş hərfləri olub “Məcburi şüalanma ilə işığın gücləndirilməsi” deməkdir.
Lazerin iş prinsipi. Adətən, atom adi şəraitdə minimum enerji səviyyəsində (həyəcanlanmayan hal) olur. Belə atom öz-özünə enerji şüalandırmır: elektron nüvəyə ən yaxın stasionar orbitdədir (a). Atom şüalanmaya məruz qaldıqda şüalanma enerjisinin udulması baş verir. Atom həyəcanlanır və yüksək enerji səviyyəsinə keçir: elektron ikinci orbitə keçir (b). Lakin atom həyəcanlanmış halda çox az müddətdə (10–3 san) qalır və dərhal görünən işıq şüalandırmaqla minimum enerji səviyyəsinə qayıdır (c).
Atomun şüalandırdığı görünən işığı gücləndirmək üçün həyəcanlanmış atomların sayını artırmaq lazımdır. Bu məqsədlə sistem aşağı enerji səviyyəsindən 3-cü enerji səviyyəsinə keçirilir, bu səviyyədən isə atomlar öz-özünə 2-ci enerji səviyyəsinə düşür. Bu keçid zamanı ayrılan enerji kristal qəfəsi tərəfindən udulduğundan şüalanma baş vermir.
Sonra sistemə xaricdən işıq şüası ilə təsir edilir. 2-ci enerji səviyyəsinə toplanan həyəcanlanmış atomlar görünən işıq şüalandırmaqla 1-ci enerji səviyyəsinə qayıdır (d).Yaqut lazerinin quruluşu və iş prinsipi. Yaqut kristalından müstəvi paralel oturacaqlı çubuq hazırlanır. Oturacaqlardan biri şüaları tam qaytaran güzgüdən, digər oturacaq isə nisbətən şəffaf müstəvidən ibarətdir. Çubuq göy-yaşıl işıq verən spiralvarı qaz lampasının (o, impuls lampası da adlanır) daxilində yerləşdirilir. Lampanın alışmasından bir qədər sonra kristalın həyəcanlanmış atomları 2-ci enerji səviyəsini doldurur. Buradan atomlar spontan olaraq müxtəlif istiqamətlərdə görünən işıq şüalandırmaqla 1-ci enerji səviyyəsinə keçir. Yaqut kristalı boyunca yayılan bu şüalanma onun daxili divarlarından tam daxili qayıtmaya məruz qalaraq yayılma istiqamətində toplanır və güclənir.