Atomun Rezerford modeli. 1910–11-ci illərdə ingilis fiziki Ernest Rezerford apardığı silsilə təcrübələrlə atomun tamamilə fərqli quruluşa malik olduğunu aşkar etdi. O, təcrübələrini α-zərrəciklər vasitəsilə ağır kimyəvi elementlərin (nüvəsində nisbətən çoxlu sayda zərrəcik olan) atomlarını bombardman etmə üsulu ilə aparmışdır. Təcrübələrdən məntiqi olaraq gözlənilirdi ki, α-zərrəciklər atomla qarşılaşdıqda onların əksəriyyəti səpilməyə məruz qalmalıdır. Çünki Tomson modelinə əsasən, atomun bütün həcmi bərabər sıxlıqda paylanmış müsbət yüklü kütlədən ibarətdir.
Rezerfordun təcrübələrindən birinin sxemi şəkildə təsvir edilmişdir (c). Qurğuşun (Q) konteynerdən çıxan nazik α-zərrəciklər seli qızıl folqanın (F) üzərinə yönəldilir.
Lövhədən keçən və qayıdan α-zərrəcikləri səthinə xüsusi maddə çəkilən ekranla (E) toqquşduqda parıltılar (ssintilyasiya) yaradır. Bu parıltılar mikroskop (M) vasitəsilə müşahidə və qeyd edilir (bax: c). Təcrübədən gözlənilməz hadisə müşahidə olundu: qızıl atomları üzərinə düşən α-zərrəciklərin əksəriyyəti istiqamətini dəyişmədən folqanı keçir, bəziləri müəyyən bucaq altında səpilir, çox nadir halda (hər 2000 zərrəcikdən biri) folqadan 180° əks edərək geri qayıdır (d).Bu təcrübədən alınan nəticələrə əsasən atomun Tomson modelinin doğru olmadığı müəyyənləşdirildi. Rezerforda görə, atomun kütləsinin böyük hissəsi və müsbət yükü atomun bütün həcmində deyil, mərkəzində yerləşir. Elektronlarla müsbət yüklər arasında boşluq mövcuddur. Rezerford atomun müsbət yüklərinin cəmləşdiyi çox kiçik hissəsini atomun nüvəsi adlandırdı. Beləliklə, Rezerford modelinə görə, atom aşağıdakı quruluşa malikdir:
• Atomun, demək olar ki, bütün kütləsi onun nüvəsində toplanmışdır və onun ölçüsü atomun ölçüsü ilə müqayisədə çox kiçikdir. Sonralar müəyyən olundu ki, nüvənin diametri ≈ 10 -15 m-dir.
• Atom nüvəsi müsbət yükə (qN) malik olub e elementar yükün elementin dövri sistemdəki Z sıra nömrəsi hasilinə bərabərdir: qN = Ze.
• Elektronlar nüvə ətrafında dairəvi orbitlər üzrə hərəkət edir. Neytral atomda elektronların sayı Z-ə bərabərdir. Bu model Günəş sisteminə bənzədiyindən ona atomun planetar modeli də deyilir.
Lakin bu model atomun davamlı mövcud olmasını izah etməkdə çətinliklə üzləşdi. Klassik fizikaya görə, dairəvi orbitlər üzrə hərəkət edən elektron enerji şüalandırmalıdır.