1896-cı ildə fransız fiziki Anri Bekkerel radioaktivlik hadisəsini kəşf etdi. O, uran duzu üzərində tədqiqat apararkən müşahidə etdi ki, uran duzu fotolövhəni qaraltmaq və havanı ionlaşdırmaq qabiliyyətinə malik gözə görünməyən şüalar buraxır.
1898-ci ildə Pyer Küri ilə onun həyat yoldaşı Mariya Küri müəyyən etdilər ki, urandan əlavə, bir sıra başqa elementlər (polonium, radium, torium və s.) də güclü şüalanma qabiliyyətinə malikdir. Onlar bu şüalanmanı radioaktivlik adlandırdılar.
Aparılan çoxsaylı təcrübələr göstərdi ki, təbii radioaktivlik xassəsi yalnız elementin atom nüvəsinin tərkibi və quruluşu ilə əlaqədardır. Xarici amillər (mexaniki təzyiq, temperatur, elektrik və maqnit sahələri və s.) bu xassəyə təsir göstərmir.
• Atom nüvələrinin xarici təsirlər olmadan öz-özünə şüalanma hadisəsi təbii radioaktivlik, baş verən şüalanma isə radioaktiv şüalanma adlanır.
• | Radioaktivliyi kəşf etmişdir. Bu sahədəki işlərinə görə o, 1903-cü ildə Nobel mükafatına layiq görülmüşdür. |
• | Radioaktivlik təliminin banilərindən biridir. Bu sahədəki uğurlarına görə o, 1903-cü ildə Nobel mükafatına layiq görülmüşdür. |
• | Radioaktivlik təliminin banilərindən biridir. O, radioaktivliyin kəşfinə görə 1903-cü ildə fizika, 1911-ci ildə isə polonium və radium kimyəvi elementlərinin kəşfinə görə kimya sahəsində Nobel mükafatına layiq görülmüşdür. |
1899-cu ildə ingilis fiziki Ernest Rezerfordun rəhbərliyi ilə radioaktiv şüalanmanın fiziki təbiəti tədqiq edilmişdir (bu təcrübənin sxemi və gedişi ilə araşdırmada tanış oldunuz; bax: araşdırma–1). Müəyyən olundu ki, radiumun radioaktiv şüalanması mürəkkəb tərkibə malikdir: şüalanma müxtəlif zərrəciklər selindən ibarətdir. Bu zərrəciklər seli maqnit sahəsindən keçdikdə Lorens qüvvəsinin təsiri ilə müxtəlif istiqamətlərə meyil edir. Şüaların bir qismi yüksüz zərrəciklər selindən ibarət olduğundan öz əvvəlki istiqamətində yoluna davam edir – bunlar γ-şüalanma adlandırıldı. Şüaların bir qismi müsbət yüklü zərrəciklər selindən ibarət olduğundan onlar öz əvvəlki istiqamətindən sol əlin baş barmağı istiqamətinə meyil edir (sol əl qaydasına görə). Bu şüalanma α-şüalanma adlandırıldı. β-şüalanma adlandırılan üçünсü qisim şüalar isə mənfi yüklü zərrəciklər seli olduğundan onlar α-şüalanmanın əksi istiqamətində meyil edir (bax: a).