Uzaqdangörmə. Uzaqdan görən gözün optik sisteminin fokusu tor təbəqəsində deyil, ondan arxada yerləşir. Ona görə də, uzaqgörən göz gərgin baxmadan (büllurun qabarıqlığını dəyişmədən) yaxındakı cisimləri aydın görə bilmir. Belə gözün optik qüvvəsi qüsursuz gözün optik qüvvəsindən kiçikdir. Görmədəki bu qüsuru aradan qaldırmaq üçün gözün optik qüvvəsi müəyyən vasitə ilə artırılmalıdır. Toplayıcı linzalı eynəklərin köməyi ilə uzaqdangörməni aradan qaldırmaq olur. Belə ki, optik qüvvəsi “+” olan (məsələn, +2 dptr, + 2,5 dptr və s.) linzalı eynək gözün optik qüvvəsini artırır və cismin xəyalı gözün tor təbəqəsində alınır (d). Uzaqdangörmənin səbəblərindən biri büllurun elastikliyini itirməsidir. Belə halda göz əzələlərinin səyinə baxmayaraq, büllur qalınlığını dəyişə bilmir.
Tibb məntəqələrində insanlarda görmə itiliyi Snellen cədvəli vasitəsilə yoxlanılır. O, müxtəlif hərflər yazılmış 11–12 sətirdən ibarətdir. Ən iri hərflər ilk sətirdə yerləşir, sətirdən-sətrə hərflərin ölçüləri tədricən kiçilir (e). Qüsursuz göz gərgin baxmadan birinci sətri 60 m, 9-cu sətirdəki hərfləri isə 6 m məsafədən görür. Hərflərin sətirlərdə müxtəlif qaydada düzüldüyü cədvəllər də mövcuddur.
Snellen cədvəlinin sağındakı rəqəmlər nəyi göstərir?
Birinci sütundakı rəqəmlər sətirlərin sıra sayıdır. İkinci sütundakı rəqəmlər test olunan gözün cədvəldən yerləşdiyi məsafədir (bu, 6 m-dir), çarpaz xətdən sonrakı sütundakı rəqəmlər isə qüsursuz gözün uyğun sətirdəki hərfləri görə bildiyi məsafələrdir.