Bilirsiniz ki, insan ətraf aləm haqqında məlumatların 90%-ni görmə hissiyyat orqanı vasitəsilə alır. Görmə orqanı olan göz – çox mükəmməl, mürəkkəb quruluşlu və eyni zamanda sadə optik sistemdir.
İnsan gözü hansı hissələrdən ibarətdir?
İnsan gözü göz alması adlandırılan çox zərif orqandır (a). Onun diametri təqribən 2,5 sm-dir. Göz alması müxtəlif örtüklərlə əhatə olunmuşdur. Gözün xarici örtüyü sklera (1) və ya zülal örtüyü adlanır. Sklera sıx birləşdirici toxumalardan ibarət olub gözü xarici təsirlərdən qoruyur və onun möhkəmliyini saxlayır. Sklera qeyri-şəffafdır, yalnız onun bir qədər qabarıq olan ön hissəsi şəffafdır. Buynuz təbəqə (2) adlanan bu hissə gözə düşən şüaların 50÷70%-ni sındıraraq göz daxilinə buraxır. Buynuz təbəqənin arxasında əlvan təbəqə (3) yerləşir. Əlvan təbəqə müxtəlif adamlarda müxtəlif rəngdə – göy, boz, yaşılımtıl, qonur və s. olur.
Əlvan təbəqənin orta hissəsində göz bəbəyi (4) adlanan dəlik vardır. Göz bəbəyinin ölçüsü insanın iradəsindən asılı olmayaraq dəyişir: parlaq işıqda o kiçilərək şüaların gözə tam daxil olmasının qarşısını alır, qaranlıqda isə genişlənərək zəif işıq şüalarının gözə daxil olmasına şərait yaradır. Göz boşluğunun daxili hissəsini işığahəssas tor təbəqə (toxuma) (5) örtür. Göz çuxurunun dibini örtən bu toxuma görmə sinirinin (9) şaxələrindən və uclarından ibarətdir. Əlvan təbəqənin arxasında hər iki tərəfi qabarıq təbii linza – büllur (6) yerləşir. Büllur gözü iki hissəyə bölür: içərisində şəffaf maye olan ön kamera (7) və şüşəyəbənzər cisimlə dolu olan daxili kamera (8).
Gözdə işıq şüasını sındıran şəffaf elementlər – buynuz təbəqə, ön kamera, büllur və daxili kamera onun optik sistemini təşkil edir.
Cədvəl 3.2-də gözün optik sistemi elementlərinin sındırma əmsallarının qiymətləri verilmişdir.
Gözün elementi | Buynuz təbəqə | Ön kamera (şəffaf maye) | Büllur | Daxili kamera (şüşəyəbənzər cisim) |
Sındırma əmsalı | 1,376 | 1,336 | 1,386 | 1,337 |