4. Cisim linzanın fokusu ilə ikiqat fokusu arasında olduqda: 2F > d > F. Cismin xəyalı həqiqi, böyüdülmüş və tərsinə çevrilmiş alınır. Xəyal linzanın ikiqat fokus məsafəsindən uzaqda yerləşir: f > 2F.
5. Cisim linzanın fokusunda olduqda: d = F. Xəyal sonsuzluqda alınır, çünki linzada sınan şüalar paralel yayıldıqlarına görə sonsuzluqda kəsişir: f → ∞.
6. Cisim linza ilə onun fokusu arasında olduqda: d < F. Bu cismin xəyalı mövhumi, düzünə, böyüdülmüş və linzanın cisim qoyulduğu tərəfində olur. Zərrəbinlə markaya baxdıqda onun mövhumi xəyalını müşahidə edirik.
Aşağıdakı şəkildə toplayıcı nazik linzada cismin bir halının xəyalının qurulma sxemi təsvir edilmişdir (c).
Burada B nöqtəsindən çıxan iki şüadan istifadə olunmuşdur: 1 şüası – linzaya baş optik oxa paralel düşən şüadır, o sındıqdan sonra baş fokus nöqtəsindən keçir (1' şüası). 2 şüası – linzanın optik mərkəzindən sınmaya məruz qalmadan keçir (2' şüası). Bu iki şüanın kəsişməsi AB cisminin A' B' xəyalını verir (bax: c).
Səpici nazik linzada xəyalın qurulması. Səpici linza mövhumi fokusa malik olduğundan cisim məsafəsindən asılı olmayaraq bütün hallarda xəyal mövhumi, kiçildilmiş və düzünə alınır. Xəyal cisimlə linzanın eyni tərəfində yerləşir. Şəkildə əlverişli şüaların köməyi ilə AB cisminin səpici nazik linzada xəyalının qurulma sxemi göstərilmişdir (bax: d).