– Qalınlığı sferik səthlərin R1 və R2 radiuslarına nisbətən çox kiçik olan linza nazik linza adlanır.
Biz nazik linzalara baxacağıq (bax: a və c).
– Linzanı hüdudlandıran sferik səthlərin O1 və O2 mərkəzlərindən keçən düz xətt linzanın baş optik oxu adlanır.
– Linzanın mərkəzində baş optik ox üzərindəki O nöqtəsi linzanın optik mərkəzi adlanır (e). İşıq şüaları optik mərkəzdən keçdikdə sınmaya məruz qalmır.
– Linzanın optik mərkəzindən keçən ixtiyari düz xətt linzanın optik oxudur (f).
– Toplayıcı linzada baş optik oxa paralel düşən işıq şüaları sındıqdan sonra kəsişdikləri nöqtəyə linzanın baş fokusu deyilir və F hərfi ilə işarə edilir. Toplayıcı linzanın baş fokus nöqtəsi həqiqidir, çünki həmin nöqtədə linzada sınan şüaların özləri kəsişir (g).
Havada qabarıq linzanın toplayıcı xassəsinə malik olmasını anlamaq üçün işıq şüalarının bu linzadakı yolunu iki şüşə prizmadakı yolu ilə müqayisə etmək kifayətdir (h).
– Səpici linzada baş optik oxuna paralel düşən işıq şüaları sındıqdan sonra onların uzantılarının kəsişdiyi nöqtə səpici linzanın baş fokusu adlanır. Səpici linzanın baş fokus nöqtəsi mövhumidir, çünki həmin nöqtədə linzada sınan şüaların özləri yox, uzantıları kəsişir (i).
Havada çökük şüşə linzanın səpici xassəsinə malik olmasını anlamaq üçün işıq şüalarının bu linzadakı yolunu iki şüşə prizmadakı yolu ilə müqayisə etmək kifayətdir (j).