3.11
Üzüyün almaz (brilyant) qaşına
diqqətlə baxdıqda onun
cilalanmış çoxsəthli quruluşa
malik olduğunu müşahidə
etmək olar.
Müasir təbabətdə insanın daxili
orqanlarını, məsələn, qida borusunun
daxili divarını cərrahi müdaxilə
olmadan müayinə etmək
üçün (endoskopiya) işıqötürən adlanan
nazik elastik borudan istifadə
olunur. Belə borunun bir ucuna işıq
şüası yönəltdikdə o, borunun digər
ucundan çıxaraq müayinə olunan
yeri işıqlandırır.
Araşdırma
1
Cisim niyə yarımçıq görünür?
Təchizat: nazik şüşə stəkan, su (200 ml), karandaş.
İşin gedişi:
- Stəkana yarısına qədər su töküb masanın üzərinə
qoyun. Karandaşı suya maili batırın və hava-su sərhədində onun necə sındığını müşahidə
edin.
- Stəkanı yuxarı qaldırıb gözünüzdən 25–30 sm
məsafədə saxlayın. Karandaşın su daxilində
olan və sudan kənarda qalan hissələrinin su-hava
sərhədində sınmasını müşahidə edin (a).
- Stəkanın hündürlüyünü dəyişmədən onu özünüzdən
tədricən uzaqlaşdırın və karandaşın necə
görünməsinə diqqət yetirin (b).
Nəticəni müzakirə edin:
- Su içərisində olan karandaş hansı halda daha çox sınmış kimi göründü: hava-su sərhədində,
yoxsa su-hava sərhədində? Nə üçün?
- Stəkanı özünüzdən tədricən uzaqlaşdırdıqca karandaşın sınmasında hansı dəyişiklik
müşahidə olundu?
- Stəkanı özünüzdən uzaqlaşdırmaqda davam etdikdə elə bir vəziyyət alınacaqdır ki, siz
karandaşın yalnız su daxilində olan hissəsini görəcəksiniz. Nə üçün? Bu zaman hansı
işıq hadisəsi baş verdi?
Siz artıq bilirsiniz ki, işıq şüası sındırma əmsalı böyük olan mühitdən sındırma
əmsalı kiçik olan mühitin sərhədinə düşdükdə (məsələn, su-hava sərhədinə) sınan
şüa perpendikulyardan uzaqlaşır: sınma bucağı düşmə bucağından böyük olur.