Paralel üzlü şüşə lövhədə işıq şüasının yolu.
• Paralel müstəvi səthlərlə hüdudlanan lövhə paralel üzlü müstəvi lövhə adlanır. Belə şüşə lövhəyə müəyyən bucaq altında düşən işıq şüası hava-şüşə və şüşə-hava sərhədlərində
həm qayıdır, həm də sınır (b). Bu zaman şüa havadan şüşəyə keçdikdə sınma bucağı γ1 düşmə bucağı α1-dən kiçik, şüşədən havaya çıxdıqda isə sınma bucağı γ2 düşmə bucağı α2-dən böyük olur. Buna səbəb mühitlərin sındırma əmsallarının (işığın bu mühitlərdəki yayılma sürətlərinin) müxtəlif olmasıdır: əgər işıq sındırma əmsalı kiçik olan mühitdən sındırma əmsalı böyük olan mühitə keçirsə, sınma bucağı düşmə bucağından kiçik olur. Əksinə, işıq sındırma əmsalı böyük olan mühitdən sındırma əmsalı kiçik olan mühitə keçirsə, sınma bucağı düşmə bucağından böyük olur. Paralel üzlü şüşə lövhə ilə apardığınız araşdırmadan onun digər xassələrini də müəyyən etdiniz:– işıq şüası paralel üzlü müstəvi şəffaf lövhəyə hansı bucaq altında düşürsə, həmin bucaq altında da bu lövhədən çıxır;
– şüşədən çıxan şüa düşən şüaya paralel yönəlir, onun yeri müəyyən qədər sürüşür, lakin yayılma istiqamətini dəyişmir.
Üçüzlü şüşə prizmada işıq şüasının yolu. Üçüzlü şüşə prizma işığın yayılma istiqamətini dəyişir. Əgər biz hər hansı cismə belə prizmadan baxsaq, cisim yerini dəyişmiş kimi görünər. Cisimdən gələn 1 və 2 şüaları A və B nöqtələrində prizmaya düşərək sınır, prizmanın içərisində AC və BD istiqamətlərində yollarına davam edir.
İşıq şüası prizmanın ikinci üzünə çataraq ikinci dəfə sınır. Nəticədə müşahidəçi işıq mənbəyini şüaların 1' və 2' uzantılarının kəsişdiyi nöqtədə görür, başqa sözlə: cisim üçüzlü şüşə prizmanın sındırıcı üzləri arasında qalan təpə bucağına doğru yerini dəyişmiş kimi görünür. Cisimdən prizmanın üzərinə düşən şüalar istiqamətlərini prizmanın alt üzünə doğru dəyişir (c).