Araşdırma
1
İşığın paralel üzlü şüşə lövhədən keçməsi.
Təchizat: trapesiya formalı şüşə lövhə, sancaq
(4 ədəd), qalın kağız vərəq, karandaş, transportir,
xətkeş.
İşin gedişi:
- Şüşə lövhəni vərəqin üzərinə qoyub konturunu
karandaşla xətlədikdən sonra onu kənarlaşdırın.
- Trapesiyanın kiçik paralel üzünə, onun mərkəzinə
yaxın nöqtəyə mail AO vektorunu çəkin.
Bu vektor düşən şüanın sxemi olacaqdır (a).
- Şüşə lövhəni yerinə qaytarın və 1 və 2 sancaqlarını
düşən şüa üzərinə, aralarında müəyyən
məsafə olmaqla kağıza sancın (bax: a).
- Gözünüzü masa səviyyəsində elə yerləşdirin ki, lövhənin böyük paralel üzündən şüşənin
digər tərəfinə baxdıqda lövhəyə yaxın batırılan 2 sancağı 1 sancağının qarşısını
tamamilə örtsün.
- Şüşə lövhənin böyük paralel üzü tərəfində (gözünüzün yerləşdiyi tərəfdə) 3 və 4 sancağını
kağıza elə sancın ki, 4 sancağına baxanda o, arxasındakı digər üç sancağı “gizlətsin”
– sanki bütün sancaqlar bir düz xətt üzrə düzülmüşdür.
- Şüşə lövhəni və sancaqları kənarlaşdırın, 3 və 4 sancağının kağızdakı dəliklərindən
keçməklə şüşə lövhənin böyük üzündən çıxan BC şüasını qurun.
- Şüanın lövhənin səthinə düşdüyü və şüşədən çıxdığı nöqtələri OB düz xətti ilə birləşdirin,
bu xətt şüanın şüşədəki yolu olacaqdır. Bütün şüaları oxla işarələyin.
- Sxemi səthə qaldırılan perpendikulyarı çəkməklə tamamlayın, transportirlə hava-şüşə və
şüşə-hava sərhədində şüanın düşmə (α1 və α2 ) və sınma (γ1 və γ2) bucaqlarını ölçün.
Ölçmələrinizin nəticəsini 3.2 cədvəlinə yazın və bu bucaqların qiymətlərini müqayisə edin.
Cədvəl 3.2
Ayrılma sərhədi |
Düşmə bucağı (α) |
Sınma bucağı (γ) |
Hava-şüşə |
α1 = |
γ1 = |
Şüşə-hava |
α2 = |
γ2 = |
Nəticəni müzakirə edin:
- Hava-şüşə və şüşə-hava mühitlərinin sərhədində şüanın düşmə və sınma bucaqlarının
müqayisəsindən hansı nəticəyə gəlmək olar?
- Paralel üzlü şüşəyə daxil olan və ondan çıxan şüa haqqında nə demək olar?