Qabarıq güzgünün baş fokusu mövhumidir, çünki bu nöqtədə güzgüdən qayıdan şüaların özləri yox, onların uzantıları kəsişir.
• Baş optik oxa perpendikulyar olmaqla baş fokus nöqtəsindən keçən müstəviyə güzgünün fokal müstəvisi deyilir. Bütün optik oxların fokal müstəvi ilə kəsişdiyi nöqtə həmin oxa görə güzgünün fokusudur.
• Baş fokusdan güzgünün təpə nöqtəsinə qədərki məsafə (FT məsafəsi) güzgünün fokus məsafəsi adlanır və F ilə işarə olunur. Bu məsafə sferik güzgünün əyrilik radiusunun yarısına bərabərdir:
F = R
2
Sferik güzgülərin praktikada istifadəsi. Praktikada ən çox çökük sferik güzgülər tətbiq olunur. Bu güzgülər paralel şüalar almaq və ya şüaları toplamaq məqsədilə istifadə edilir. Çökük güzgüdə paralel şüalar almaq üçün lampa onun fokusunda yerləşdirilir. Lampanın telindən çıxan işıq reflektor (“reflektor” sözü “qaytarıcı” mənasında işlənir) adlandırılan çökük güzgüdən onun baş optik oxuna paralel olaraq qayıdır. Güzgünün bu xassəsindən avtomobil faralarında, cib fənərində, mayak və projektorda istifadə olunur (f).
Bəzən paralel düşən şüaları fokuslamaq (toplamaq) lazım gəlir. Bildiyiniz kimi, güzgüyə paralel düşən şüalar onun fokusunda toplanır. Çökük güzgünün bu xassəsindən teleskop-reflektorda istifadə olunur.
Teleskop – uzaqda olan göy cisimlərini (ulduzları, planetləri, asteroidləri və s.) müşahidə etmək üçün tətbiq edilən cihazdır. Şəkildə reflektorunun diametri 2 m olan Şamaxı Astrofizika Rəsədxanasındakı teleskop və ondakı şüaların yolu təsvir edilmişdir (g).