İşıq düşən cismin səthi kələ-kötür olduqda
onun üzərinə paralel düşən şüalar
müxtəlif istiqamətlərə səpilir. Şüaların cismin
səthindən belə əks etməsi diffuz qayıtma
və ya şüaların səpilməsi adlanır (d).
Dənizin səthində müşahidə olunan “Ay yolu”
işığın diffuz qayıtmasıdır (e).
İşığın qayıtması hansı qanuna tabedir?
İşığın qayıtma qanununu apardığınız araşdırmadan müəyyən etdiniz:
• Düşən şüa, qayıdan şüa və düşmə nöqtəsindən səthə qaldırılan perpendikulyar bir müstəvi üzərindədir. Qayıtma bucağı düşmə bucağına bərabərdir: β = α (f).
Düşən şüa – işıq mənbəyindən güzgünün səthində müəyyən nöqtəyə düşən, qayıdan şüa isə həmin nöqtədən əks edən şüadır.
Düşən şüa ilə perpendikulyar arasında qalan bucaq (α bucağı) düşmə bucağı, qayıdan şüa ilə həmin perpendikulyar arasında qalan bucaq (β bucağı) isə qayıtma bucağı adlanır.