Tam kölgə – cismin arxasında yerləşən fəzanın elə bir sahəsidir ki, ora nöqtəvi mənbədən işıq düşmür.
Cisim eyni zamanda bir neçə nöqtəvi mənbədən və ya nöqtəvi olmayan (iriölçülü) bir mənbədən işıqlandırılarsa, bu halda ekranda tam kölgə ilə yanaşı, sərhədləri dəqiq seçilməyən yarımkölgə də alınır. Yarımkölgə ekranın elə hissəsində yaranır ki, həmin hissədən işıq mənbəyi qismən görünür. Şəkildə iki nöqtəvi işıq mənbəyinin (şam alovunun) yaratdığı tam və yarımkölgənin sxemi təsvir edilir (c və d).
İriölçülü işıq mənbəyi müəyyən S1S2 ölçüsünə malik olduğundan onun hər bir nöqtəsi işıq mənbəyidir. Bu nöqtələrin hər birindən cismin üzərinə düşən işıq şüalarının yaratdığı kölgələrin üst-üstə düşən hissəsi ekranda tam kölgə (BC), üst-üstə düşməyən hissəsi isə qismən işıqlanan yarımkölgə (AB və CD) sahələri əmələ gətirir (e).
Yarımkölgə – cismin arxasında yerləşən fəzanın elə bir sahəsidir ki, o, bir neçə nöqtəvi mənbə və ya iriölçülü işıq mənbəyinin müəyyən hissəsi tərəfindən işıqlandırılır.