Lakin işıq mənbəyinin görünən ölçüsü yalnız onun
xətti ölçüsündən deyil, müşahidəçidən bu mənbəyə qədər olan məsafədən də asılıdır.
Məsələn, bəzi ulduzların xətti ölçüsü Günəşdən dəfələrlə böyükdür, lakin onlar Yerdən çox-çox uzaqda yerləşdiyindən biz bu göy cisimlərini
nöqtə şəklində görürük.
Bizim üçün hündür elektrik dirəklərindən asılan
lampa, Günəş və ulduzlar nöqtəvi işıq
mənbəyidir. İşıq hadisələrini öyrənərkən kiçik
lampanın işıqlanan teli 2 lövhəsinə nəzərən
nöqtəvi işıq mənbəyi qəbul edilə bilər, lakin ona 1 lövhəsinə nəzərən nöqtəvi işıq
mənbəyi kimi baxmaq olmaz (teldən lövhələrə qədərki məsafələrə görə, bax:
a).
• Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan işıq mənbəyi nöqtəvi işıq mənbəyi
adlanır. İşıq nöqtəvi mənbədən bütün istiqamətlərə yayılır.
Yaradıcı tətbiqetmə
Araşdırma
2
O hansı işıq mənbəyidir?
Təchizat: sınaq şüşəsi, cib fənəri, fotolüminofor
maddəsi, su (100 ml), ştativ.
İşin gedişi:
- Sınaq şüşəsinə yarıdan yuxarı su töküb üzərinə bir qədər fotolüminofor maddəsi əlavə
edin və ağzını barmağınızla qapayıb çalxalayın. Sonra onu ştativə bərkidin (b).
- Fənəri işə salıb məhlulu işıqlandırın və baş verən hadisəni müşahidə edin.
Nəticəni müzakirə edin:
• Fotolüminofor maddəsini suya qatdıqda hansı rəngdə məhlul alındı?
• Məhlulun üzərinə ağ işıq yönəltdikdə o hansı rənglə işıqlandı?
• Araşdırmada hansı işıq mənbələri iştirak etdi?
• Açar sözlərdə verilən anlayışların mənasını iş vərəqində
qeyd edin.
Açar sözlər: • işıq mənbəyi • nöqtəvi işıq mənbəyi • lazer •
• fotolüminofor • optika•
1. İşıq mənbələrini təsnif edin.
2. İstilik işıq mənbələrinə nümunələr göstərin.
3. Hansı şəraitdə işıq mənbəyini nöqtəvi qəbul etmək olar? Nümunələr göstərin.
4. Nə üçün gecələr şosedə çəkilmiş ağ zolaqlar, yol kənarındakı lövhələr avtomobil
faralarından düşən şüaların təsirindən işıqlanır?
5. Ay işıq mənbəyi hesab oluna bilərmi?