İşıq mənbələri. İşıq şüalandıran cisimlər – işıq mənbələri adlanır. Müxtəlif növ işıq mənbələri mövcuddur:
İstilik işıq mənbələri. Günəş və ulduzların səthi, şam, qaz və ya tonqal alovu, közərmə lampasının teli, vulkan kraterindən çıxan lava və s. istilik işıq mənbələridir.
• | Püskürən vulkan kraterindən çıxan lavanın temperaturu 1100–1200°C, qaz alovunda temperatur 1600–1850 °C, közərmə lampasının telində temperatur 2500– 2700°C, ulduzların səthində isə temperatur 3000–30 000°C intervalındadır. |
Soyuq işıq mənbələri. İşıqsaçan balıqlar, böcəklər, müxtəlif bitkilər soyuq işıq mənbələridir.
Elə cisimlər də var ki, onların səthinə işıq şüaları düşdükdə onlar işıq mənbəyinə çevrilir. Belə cisimlər fotolüminofor (lat. “lümen” – işıq), onların işıqlanması isə fotolüminessensiya adlanır. Fotolüminoforlardan reklam işıqlarında geniş istifadə olunur. Yol nişanlarında və xüsusi geyimlərdəki lüminofor maddəsi avtomobil faralarından düşən işıq şüalarının təsiri ilə işıqlanaraq sürücülərə çox yaxşı görüntü yaradır, hərəkətin təhlükəsizliyini təmin edir.
Müasir işıq mənbələrindən biri də lazerdir. Televiziya və təbabətdə, maşın və cihazqayırma sənayesində, hərbi texnikada, meteorologiya və astrofiziki tədqiqatlarda lazer əvəzolunmaz işıq mənbəyidir.
Nöqtəvi işıq mənbəyi. İşıq mənbələri müxtəlif ölçüdə olur. Məsələn, cib fənərinin lampasındakı közərmə telinin uzunluğu bir santimetrdən kiçik, Günəş diskinin radiusu isə ≈ 6,960 • 108 m-dir.