Bu zaman hər bir elektronun nizamlı hərəkət sürəti iki amildən asılı olur: a) ionlarla toqquşmaların sayından; b) elektrik sahəsindən.
Naqillərdə sərbəst elektronların nizamlı hərəkətinin sürəti çox kiçikdir (≈ 0,1 ÷ 10 mm/san ). Buna səbəb elektronların öz hərəkətləri zamanı kristal qəfəsin ionları ilə saysız-hesabsız toqquşmasıdır. Belə toqquşmalar elektronların nizamlı hərəkətlərini tormozlayır (c).
Beləliklə, metal naqillərdə elektrik cərəyanı – onların kimyəvi tərkibində heç bir dəyişiklik etməyən sərbəst elektronların nizamlı hərəkətinin nəticəsidir.
Əgər elektronlar naqildə belə kiçik sürətlə hərəkət edirsə, nə üçün evdə açarı qapadıqda bütün lampalar dərhal işıqlanır?
Cərəyanın naqildə yayılma sürəti heç də sərbəst elektronların nizamlı hərəkətinin sürəti demək deyildir.
Elektrik cərəyanının naqildəki sürəti – elektrik sahəsinin naqildə yayılma sürətinə bərabərdir. Naqildə elektrik sahəsi çox böyük sürətlə – işığın vakuumda yayılma ürətinə yaxın olan ≈ 3 · 10 8 m/san sürəti ilə yayılır.