MƏMMƏD ARAZ
(1933 – 2004)
• O, milli Azərbaycan şeirinin görkəmli
nümayəndəsidir. İndiki səviyyədə Məmməd
Arazın şeirləri və poemaları, bədii
publisistikası yalnız öz yaradıcısının deyil,
mənsub olduğu xalqın da tərcümeyihalının
əsas hissəsidir.
İsa Həbibbəyli
Yada salın
- Məmməd Arazın hansı əsərləri ilə tanışsınız?
- Bu əsərlərdə diqqətinizi daha çox cəlb edən nə olub?
Düşünün
- Əsgər məktubu haqqında şeir yazmaqda şairin niyyəti nə
ola bilər?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının
köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
ƏSGƏR MƏKTUBU
Əsgər məktubları alıram hərdən,
Məhəbbət, cəsarət, dəyanət dolu.
Neçə tərifçinin təriflərindən
Bir əsgər məktubu gərəkli olur.
Əsgər nə istəyir? –
Bir təzə nəğmə.
Nəğməsiz darıxır əsgər tüfəngi.
Bir əsgər qəlbində qopan zümzümə
Bir Vətən daşını isidəcəkdir.
Bir əsgər yazır ki, “sərhədçiyəm mən.
Əlimdə tüfəngdir, dilimdə şeir.
İnamla, qeyrətlə qorunur Vətən.
Bunlarsız silahlar lal-kardır”, – deyir.
Bir nəğmə əsgərin dodaqlarında,
Sərhəd küləyinə həmsöhbət olar.
Bir nəğmə əsgərin barmaqlarında
Tətiyə söykənən cəsarət olar.
Əsgər məktubunda torpaq göyərir,
Meşələr uzanır ufüqlərəcən.
Əsgər məktubunda bir dağ göyərir –
Ətək də Vətəndir, zirvə də Vətən.