– Çox sağ ol, qadan alım!
– Dəyməz, əmi, – deyə nəzakətlə gülümsünüb vedrəni ehtiyatla irəli uzatdı. Əli vedrənin soyuq qulpuna toxunanda meşəbəyinin ürəyinə sərinlik gəldi. Fikrən indi o, artıq göy ürgənin yanında idi, bu göyçək, xeyirxah oğlan da, Daşdəmir də onun yanında idilər, köməkləşib ürgəni yıxmışdılar, zorla süd içirirdilər. Bu fikirdə ikən birdən vedrəni böyrü üstə gördükdə meşəbəyi təəccüblə çevrilib, ağzını geniş açaraq qaqqıldayan Daşdəmirə baxdı. Süd axıb göy otların arasına hopurdu. İtlər cumub südü yalayırdılar. Daşdəmir isə gülürdü:
– Vallah, bilmədim, ayağım toxundu, Mirqasım. Ə, bir ürgə nəmənə şeydi, ondan ötrü belə yüyürüb qan-tərə batıbsan? Deynən, oğlanlarıyın hərəsi bir az pul qoysun, maşın alsınlar, min gəz, kef elə özün üçün!
Meşəbəyi top qarasaqqal arasında iti uclu dişləri ağaran bu adama baxıb nahaq gəldiyini başa düşdü.
Meşəbəyinin canı alovlandı. O, pul təklif etmək, südü satın almaq istədi. Lakin özünü sındırmadı. Köhnə, adi təmkini ilə yaylığını çıxarıb tərini sildi. Papağını götürdükdə ikindi çağının sərinliyində onun iri, qırxıq başından qatı buğ qalxdı. Və beləcə, başı tüstülü halda geri qayıtdı.
Göy ürgə artıq böyrü üstə idi. Meşəbəyi çöməlib onun gözlərini sığalladı. Sonra əlinin arxası ilə öz gözlərini sildi:
– Belə-belə işlər, ay göy ürgə...
Ürgə son dəfə xırıldayıb dartındı və hərəkətsiz qaldı.