Meşəbəyi cəld dönüb geniş açılmış iri mavi gözlərini ağacların arasında dolandırdı. Daşdəmirin səsi bu dəfə elə bil yerin altından gəldi:
– Ölmədik, sənin dövranının qurtardığını da gördük, a Mirqasım!
– Sən hardasan, a kişi?
– Burdayam, gəlirəm indi... Deyirəm, ölmədik, sənin də axırını gördük! Göy ürgənin belində belədən-belə çapırdın, elədən-elə çapırdın, saatda bir, malı, heyvanı atın döşünə qatıb salırdın xalxala. Nə bilim, filan yerə ayaq basmayın, bəsməkan yerə yaxın durmayın! Nə bilim, filan yerə yaxın durmayın! İndi kimə qalır sənin bu qoruqların? Yoxsa Qaraca çoban kimi ağacları köklü-köməcli qoparıb, belinə şəlləyib aparmaq istəyirsən?
Daşdəmir palıd ağacının mağara kimi qaralan koğuşundan çıxdı, iki yanını basa-basa yaxınlaşıb meşəbəyini süzdü:
– Hə, buyur görək. Süd lazımdı deyirsən? Süd-zad yoxdu!Gənc kənarda dayanıb siqaret çəkirdi. İtlərin şırvanmasından məlum idi ki, oğlan burada təzə adam deyildi.
Meşəbəyi üçün bu saat hər dəqiqə qiymətli idi. O, ötən günləri yada salıb söhbəti uzadan adamın tələsməyəcəyini hiss edib gəncə baxdı. Gənc dərhal siqaretini yerə atdı.
– Mən gətirərəm! – deyib alaçıqlara tərəf yüyürdü.
Meşəbəyinin elmli-savadlı adamlara, şəhərlərdən meşəyə gəzməyə gələn ziyalılara xüsusi marağı vardı. Yaşıl talalarda, bulaq başında, ağac kölgəsində onu süfrəyə dəvət edən ziyalıların hərəsi onun ürəyində bir cür xatirə qoyub gedərdi. Onun həyəcanını, təşvişini dərhal başa düşüb cəld yüyürən ziyalı gəncin arxasınca baxdıqda meşəbəyinin bənd tikilisi başlayan gündən açılıb-dərinləşmiş, sonra küt bir ağrı ilə içərisində gizlənib qalmış yarası yenidən qövr elədi, o, yalnız indicə başa düşdü ki, “lent kəsilib, şlüz açılanda”, meşə suyun altında qalanda meşə ilə birlikdə neçə-neçə adamlar ülfətini, ünsiyyətini, ərşdən-gürşdən xəbər verən şirin-şirin söhbətlərini də itirəcəklər.
Meşəbəyi bir anlığa hətta göy ürgəni də unutdu. Şişkin sifətini topa saqqal basmış qıllı adamın nə dediyini və nə üçün güldüyünü belə başa düşmədi.
– Ə, sənnən deyiləmmi, niyə cavab vermirsən?
– Nə deyirsən?
– Deyirəm, oğlun raykom katibidi, pulun çox olar. Ver xərcləyək də!
Meşəbəyinin qaşları çatıldı:
– Sənin də kürəkənin sovxoz direktorudur. Deməli, sənin də pulun çoxdu?
– Mənim torbamın dibi deşikdi.
– Elə niyə?
– Bilmirsən? Bir-iki baş normadan artıq heyvan saxlayıram deyin, hər yoldan ötən rüşvət istəyir. Pulu torbanın üstdən qoyuram, altdan o yana gedir. Sənin özünü neçə kərə qonaq eləmişəm? Yadından çıxıb?
– Deməli, mənə də rüşvət verirdin?
Daşdəmir güldü:
– Bə sən necə bilirdin, ə? İşim keçməyən adama mən bir tikə də yedirtmərəm.
Meşəbəyi fikri dağınıq halda səbirsizliklə alaçıqlara tərəf baxdı. Oğlanın dolu vedrə ilə gəldiyini gördükdə itlərin mırıldaşmağına əhəmiyyət vermədən onun qabağına yeridi: