Ürgənin dodaqları arasında sarımtıl köpük görünürdü.
Meşəbəyi əsla çiyrənmədən, ovcu ilə köpüyü sildi, əlini burnuna yaxınlaşdırıb qoxuladı. Köpükdən asırqal iyi gəlirdi.
O, ürgənin gözlərinə baxdı. Bu iri, göyçək gözlər iztirabla dolu idi. Ürgənin dodaqları arasından yenə sarımtıl köpük gəlirdi. Meşəbəyi bir daha köpüyü qoxladı və sarımsaq qoxusunu xatırladan iyi təkrar hiss etdi.
Göy ürgə hardasa asırqal yemişdi, zəhərlənmişdi. Meşəbəyi çox yaxşı bilirdi ki, dərhal tədbir tökməsə, göy ürgə buradaca, onun gözünün qabağındaca yıxılıb ölə bilər.
Lakin o, hələ də dayanıb ürgənin dodaqlarının arasından aramsız qaynayıb tökülən köpüyə baxırdı.
O, ömrünün qırx ilini at belində olmuşdu, meşəni addım-addım gəzmişdi. Onun zehnində min bir çiçək, ot adı var idi. Bu min bir ad içərisində “asırqal” çox az-az yada düşürdü. Çünki bu zəhərli bitki onun meşəsindən uzaqlarda, dağlarda bitirdi. Elə isə... bu, nə möcüzə idi? Ürgə nədən zəhərlənib? Bəlkə, heç zəhərlənməmişdi?
Meşəbəyinin dünyagörmüş, təcrübəli gözləri dostunun bədənində gəzdi. Ürgənin döş əzələləri titrəyirdi. Dizləri hissolunacaq dərəcədə bükülüb, çox çətinliklə düzəlirdi. Göy ürgə onu öz oğulları qədər sevən, ona yedirtmək üçün şinelinin cibində parça-parça qənd gəzdirən sahibinin qarşısında birdən-birə zəiflədiyindən utanırmış kimi, iztirablı gözlərini çevirib yana baxırdı.
Birdən onun bütün bədəni titrədi. Yenə dizləri büküldü. Ürgə inildədi və elə bil daha utanmaqdan, xəcalətdən keçdiyini hiss edib gözlərini sahibinin üzünə dikdi, ondan kömək istədi:
– Bu saat... bu saat, qadan alım, – deyə meşəbəyi pıçıldadı, çevrilib geriyə, qalın meşənin dərinliklərinə tərəf baxdı. Ürgənin gözlərini sığallayıb, bir daha: “Bu saat”, – dedi. Şallağını çəkməsinin boğazına sancdı, papağını başında bərkitdi, şinelinin ətəklərini yığıb yerindən götürüldü.
Buradan təxminən iki kilometr aralıda, geniş bir talada, gur sulu çay üzərində sovxoz vardı. El arasında ona “it sovxozu” deyirdilər. Orada suitinin müxtəlif cinslərini saxlayırdılar. Bir ay bundan əvvəl sovxoz köçürülmüşdü. Tikililər sökülmüş, çay üzərindəki dəmir tor qəfəslər yerli-dibli qoparılıb aparılmışdı. Sovxozun yerində indi yalnız torpaq yığınları bozarırdı. Xarabalıqdan xeyli kənarda isə uzaqdan baxanda ağız-ağıza dayanmış bir cüt nəhəng hörümçəyə bənzəyən iki alaçıq qaralırdı. Orada sovxoz direktorunun qayınatası Daşdəmir kişi kürəkəninin, özünün və daha bir neçə sovxoz işçisinin malqarasını saxlayırdı. Sabahda-birigündə Daşdəmir də köçməli idi.
Meşəbəyi iki kilometrlik yolu birnəfəsə qət edib alaçıqlara yetişəndə hər alaçığın kölgəsindən bir iri, qıllı köpək peyda oldu. İtlərin səsinə Daşdəmirin əvəzində, geyimindən şəhər ziyalısına oxşayan boz şlyapalı, ucaboy bir adam çıxdı, yüyürüb itlərə təpindi. Sonra dayanıb təəccüblə meşəbəyiyə baxdı, qan-tər içində təngnəfəs yüyürən adamdan nə isə soruşmaq istədi. Ancaq meşəbəyi onu qabaqladı:
– Mən Mirqasımam, meşəbəyi Mirqasım, ay oğul. Atım ağıya düşüb. Mən səni burada birinci dəfədir ki, görürəm, bağışla, tanış olası halım yoxdu. Bir vedrə süd lazımdır. Daşdəmir hanı, gözümə dəymir?
– Nə olub, ə, a Mirqasım, döşün niyə atdanır? – yaxınlıqdan, lap beş addımlıqdan tanış səs eşidildi.