Əziz şagirdlər!
Ədəbiyyatımızın tarixən qədim və zəngin olması barədə aşağı siniflərdə, xüsusən səkkizinci sinifdə ətraflı məlumat öyrəndiniz. Artıq bilirsiniz ki, tarixin ağır sınaqlarından çıxan, xalqımızın həyatını, taleyini, arzu və düşüncəsini ləyaqətlə əks etdirən ədəbiyyatımız daim inkişafda olmuş və zənginləşmişdir. Bunu da bilməlisiniz ki, ictimai- siyasi quruluşların bir-birini əvəz etməsi, cəmiyyətdə baş verən dəyişikliklər ədəbiyyatımıza təsirsiz ötüşməmiş, onda dərin iz buraxmışdır. Lakin bütün hallarda bədii ədəbiyyatın əsas təsvir obyekti olan insanın mənəvi aləmi, amalı, mübarizəsi diqqət mərkəzində qalmışdır. İnsanı hərtərəfli təsvir edən, öyrənən ədəbiyyatın məqsədi onu mənəvi cəhətdən zənginləşdirmək və kamilləşdirməkdir. İnsanı təsvir edən ədəbiyyat həm də onun bağlı olduğu konkret tarixi şəraiti, mühiti də əks etdirir. İnsanın qarşılaşdığı problemlər, sosialsiyasi həyatda baş verən ciddi dəyişikliklər və bunun insan taleyinə təsiri bədii ədəbiyyatda geniş əksini tapır. Bütün bunlar ədəbiyyatın mövzu dairəsinin məhdud olması anlamına gəlmir. Bədii ədəbiyyatın mövzusu, təsvir obyekti çoxdur. Təbiətə, heyvanlar aləminə və s. həsr olunmuş yüzlərlə gözəl sənət nümunələri vardır. Lakin bu qəbildən əsərlərdə də insanın təsvir obyektinə münasibəti öz ifadəsini tapmış olur. Buradan aydınlaşır ki, cəmiyyətdə, bütövlükdə həyatda baş verən dəyişiklik, inkişaf ədəbiyyatda insanın xarakteri, taleyi, həyata baxışı əsasında əks etdirilir. Göründüyü kimi, bədii ədəbiyyat mürəkkəb, çətin bir vəzifəni yerinə yetirir. Uğur qazanmaq üçün o daim təzələnməli, yeni məzmun və forma axtarışında olmalı, zənginləşməlidir.
Bədii ədəbiyyatın yaradıcıları – ədiblər tükənməz mənbədən – həyatdan bəhrələnir, onu dərindən öyrənirlər. Məhz həyat həqiqətlərinin hərtərəfli öyrənilməsi gerçəkliklə səsləşən, inandırıcı, səmimi sənət nümunəsinin ərsəyə gəlməsinə səbəb olur. Lakin həyat həqiqətləri necə varsa, eləcə də əsərə gətirilmir. Oxşar hadisələri, eyni sənət, peşə adamlarını müşahidə edən, hərtərəfli öyrənən yazıçı məqsədindən asılı olaraq, onlardakı müəyyən cəhətləri ön plana çəkir, daha qabarıq təsvir edir. Müəyyən qrup insan üçün ümumi olan cəhətləri (davranış, əməl, danışıq tərzi və s.) bir fərdin – obrazın simasında ümumiləşdirən sənətkar bu qəbildən adamlar haqqında oxucuda aydın təsəvvür yaratmağa nail olur. Lakin əsərdəki obraz həm də başqalarından fərdi xüsusiyyətlərinə görə fərqlənməlidir. O, xasiyyətinə, başqalarına münasibətinə və s. görə digərlərini təkrar etməməlidir. Belə olmazsa, həmin ədəbi qəhrəman oxucunun qəlbinə yol tapa bilməz, quru və sxematik olar. Deməli, yazıçı hər bir obrazı özünəməxsus cəhətləri ilə təqdim etməli, onu fərdiləşdirməlidir. Məsələn, sizə tanış olan Azad (M.İbrahimov. “Azad”) milli azadlıq uğrunda mübarizə aparan vətənpərvərlərin ümumiləşdirilmiş obrazıdır. Təmkinli, azdanışan, dostluqda sədaqətli olması isə onun fərdi xüsusiyyətləridir.
Həyat həqiqətləri yazıçının şüurundan, qəlbindən keçərək bədii həqiqət kimi meydana çıxır. Bədii həqiqət isə yazıçının görmək istədikləridir, yəni sənətkar həyatı, insanları özünün arzuladığı kimi təsvir edir. O, əsərində “həyat həqiqəti necədir” sualı ilə yanaşı, “həyat həqiqəti necə olmalıdır” sualına da cavab verir.
Həyat həqiqətlərini dönə-dönə müşahidə edən, illərlə şüurunda, qəlbində gəzdirən sənətkar onu necə, hansı formada əks etdirəcəyini dəfələrlə götür-qoy edir, yaradıcılığın heç də asan olmayan yolu ilə irəliləyir – əsərini yaradır. Xalq yazıçısı Mirzə İbrahimov məşhur “Gələcək gün” əsərinin necə meydana gəlməsi barədə yazır: “Mən bu əsərin məzmununu, surətlərini illərlə ürəyimdə gəzdirmişəm. Orada əks olunan hadisələr, insanlar və mövzu uzun müddət aramsız məni düşündürmüş, sinəmdə hərarətli hislər, həyəcanlar, iztirablar oyatmışdır. O ölkələr və xalqlar ki onların həyatı bu romana mövzu olmuşdur, əsəri yazdığım dövrdə bir günüm olmayıb ki, onları düşünməyim, onlar barədə ürəyimdə min bir yanıqlı, məhəbbətli duyğular oyanmasın.