– Onun tüfəngini də, atını da əlindən alın, qoyun rədd olsun! Özünüz də atdan düşün, tüfənginizi yəhərin qaşından asın. Bizi gülləyə də bassalar, əl-ayaq tərpətməyin. Kəndə gedəcəyik.
Kərəm qərara almışdı. Niftalı koxanın meyitini kəndə özü aparacaqdı. Kişini əlləri üstünə alacaq, atı isə arxasınca gələcəkdi. Qaçaqlar da atların yüyənlərini boynuna atıb cənazənin ardınca dinməz-söyləməz addımlayacaqdılar. O bilirdi ki, bu, ağır işdir. Kənd adamları onların qabaqlarına çıxacaq, arvad-uşaq hay-haray salıb üz-gözünü cıracaq, vay-şivən salıb saçlarını yolacaq, qarğış edəcəklər. Bəlkə, onlara güllə də atacaqdılar. Artıq-əskik danışanlar, divan-dərəyə xəbər verənlər də tapılacaqdı. Amma inanmırdı. İnanmırdı ki, kəndlərində belə namərdlər tapılsın. O, əmin idi ki, meyiti sakitcə kəndin arası ilə Niftalı koxanın evinə qədər aparacaqlar. Onları lal sükutla da olsa, el adətincə qarşılayacaqlar. Kərəmgil kişinin dəfnində də iştirak edəcəklər. Kişinin üçündən sonra koxanın qohum-əqrəbasına başsağlığı verib atlanacaq, dağlara sarı üz tutacaqlar. Kərəm qollarının və dizlərinin üstündə sərinlik hiss etdi. Başa düşdü ki, kişinin bədəni soyuyur. Amma üzünə zillənmiş solğun gözlərinin dərinliyində bir intizar var...
Əlini astaca naqanın qoburuna apardı. Barmaqları əsə-əsə düyməni açdı...
Oxuduğunuz parçada diqqətinizi daha çox cəlb edən nə oldu? | Bunun səbəbi |
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitəsinin növü |
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Bədii təsvir və ifadə vasitəsinin növü |