– Dəstəndə təzə adam varmı?
Kərəm güclə eşitdiyi bu sözlərin cavabını xeyli ləngitdi.
– Var.
– Kimdi?
– Mürşüd.
– O gədamı?
Bu söz Kərəmin ortasından beşaçılan gülləsi kimi keçdi. Elə bil gözünə qaranlıq çökdü. Yaralandı, yaman yaralandı.
– Mənə pənah gətirdi, neyləyim?
– Bizə də pənah gətirmişdi, axırını ki gördün.
Kişi inildədi. Kərəmə elə gəldi ki, onu incidən yaranın ağrısı deyil, əməyinin, zənninin itməsinin ağrısıdır.
Niftalı koxanın sifətini soyuq tər basdı, üz-gözünü qırışdırdı, sonra bu ağrı və iztirabların əvəzində çöhrəsində təbəssümə bənzər bir ifadə sezildi.
– İndi arxayın ölə bilərəm... Şükür Allaha, zənnim puça çıxdı... Yoxsa o dünyaya nisgilli gedəcəkdim. Çox şükür, Kərəm, gözümdən düşmədin... Başımı bir azca yuxarı qaldır.
Kərəm onun qoltuğunun altından tutub dizlərinə dirsəkləndirdi. Kişi ağrını udub sakitləşdi. Sifətindən quş nəfəsinə bənzər xəfif bir dirilik işığı ötdü. Uzaqlara baxdı. Kərəm hiss etdi ki, onun torlanmaqda olan gözü Kürün o üzünə, Ceyrançöl düzənliyindən sürüşüb sahil boyu uzanan Qarayazıya, bir az bəridəki kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərz tayalarına, mal-qara haylayan uşaqlara zilləndi. Biçənəklər yerlərində quruyub qalmışdı. Yenə meh əsirdi, yenə taxıl zəmiləri xışıldayır, yenə arxın suyu qırçınlanıb axır, yenə cırcıramalar zil səslə cırıldayırdı. Niftalı koxanın gözünün önündən təndir istisinə bənzər dalğa-dalğa ilğım keçirdi. Ancaq o ayırd edə bilmirdi ki, gözümü torlanır, yoxsa ilğımmı keçir?
Birdən dirçəlib üzünü ətrafdakı atlılara çevirdi. Baxışları ilə Kərəmin yoldaşlarını bir-bir süzdü. Gözü Mürşüdə sataşanda yenidən yay kimi dartınıb gərildi. Kərəm gördü ki, kişinın halı birdən-birə dəyişdi, yanaqlarına elə bil qızartı çökdü. Bu qızartı son döyüntülərini keçirən ürəyin damarlara vurduğu axırıncı qan damlalarının qızartısı idi. Kişinin öləziməkdə olan gözləri Kərəmin üzünə zilləndi.
– Kərəm, bircə diləyim var...
– De görum.
– Naqanını çıxart, məni alnımdan özün vur.
– Nə danışırsan?
– Qoy desinlər ki, Niftalı koxanı Qaçaq Kərəm öldürüb... Kişini kişi öldürər, qardaş, gəda-güda yox.
– Əlim qalxmaz.
Kişinin sinəsi qalxdı və asta-asta endi. Kərəm qəhərləndi. Boğazına yığılmış yaşı güclə uddu. Gözləri ilə axtarıb Mürşüdü tapdı. Əlləri əsdi. İstədi, tüfəngi hərləyib elə buradaca, tülkü kimi büzüşmüş namərdi qanına bulasın. Amma fikrini dəyişdi.