Havadan od ələnirdi. Kövşənlərdən qalxan ilğım təndir alovu kimi havanı yalayayalaya boz təpələri aşıb kəndin üstünə yayılır, oradan da suyu işıldayan Kürün üstündən keçib Qarayazı meşəsinin ağaclarını qarsıyırdı. Niftalı koxanın kölgəsində uzandığı ağacların gövdəsinə yapışmış cırcıramalar səs-səsə verib elə cırıldayırdılar ki, adam qulağını tutmalı olurdu. Niftalı koxanı isti, üstəlik də, cırcıra-
– Namərd köpəkoğlu!
Daha heç nə eşitmədi. Kövşənlərin xışıltısı, yarpaqların pıçıltısı, arxın şırıltısı, cırcıramaların səsi birdən-birə zəiflədi, uzaqlaşdı və eşidilməz oldu. Havanı qarsalayan ilğım elə bil qor kimi gözünə doldu, bəbəklərinin önündə dalğalandı və dumana çevrildi, hər şey bu dumana büründü...
Kərəm atdan sıçrayıb özünü ağacın altına yetirdi və Niftalı koxanın başını dizinin üstə aldı. Güllə kürəyindən dəyib sinəsindən çıxmışdı.
Gözləri qapalı idi. Təkcə dodaqlarının xəfif titrəyişindən bilinirdi ki, hələ nəfəsi var. Kərəm aralarına qan düşüb düşmənçilik başlayandan bəri onu belə yaxından görməmişdi. Kişi xeyli dəyişmişdi. Balaca buxaq bağlamış, sifəti qaralmış, qalın bığı azca codlaşmış, gicgahları ağarmışdı. Gözlərinin ətrafinda xırdaca qırışlar əmələ gəlmişdi. Kərəm hiss elədi ki, Niftalı koxanı qan aparır. Təntidi. Əlini atıb köynəyin yaxasını açdı və bilmədi, kişiyə necə kömək eləsin. Elə bil bunu Niflalı koxa da hiss etdi. Qımıldandı. Göz qapaqları aralandı. Zənlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəklər lal sular kimi durğunlaşdı və birdən-birə genişləndi. Kərəm hiss etdi ki, koxanın bədəni titrəyib dartındı, elə bil kişinin canından üşütmə keçdi. Onun da bədəni gizildədi. Qəhərləndi.
– İndi mən neyləyim, ay Niftalı, Gəncəyə gedə bilmərəm, Tiflisə də ki əlim çatmaz. Sənin dərdinə nə çarə qılım?
Kişi səs eşidib əvvəlcə diksindi, sonra dirçəldi. Başıni azacıq qaldırıb bulanıq gözlərini qarşısındakının üzünə zillədi. Deyəsən, kimin dizinin üstündə olduğunu başa düşdü. Əvvəlcə həyəcanlandı. Kərəm onun gözlərindəki işartının səyridiyini hiss etdi. Öləziməkdə olan çıraq təki atılıb-düşən bu həyat işartıları titrədiyi kimi də birdən-birə sakitləşdi. Dodaqları tərpəndi:
– Kərəm?
– Düz tanımısan, Niftalı, mənəm.
– Lap yaxşı, sən olmağın yaxşıdır.
Bu söz Kərəmi sarsıtdı. Elə bil dizinin üstündə can verən qanlı düşməni yox, əziz bir adamıydı. Elə bil bu adam həmişə dağda-dərədə onun izinə düşən, onun qanına susayan, fürsət tapan kimi ələ verməyə hazır olan adam deyildi. Düşmənçilikdən çox-çox əvvəl bir yerdə oynadıqları, Kürü üzüb Qarayazıya keçdikləri, atları yalmanlayıb kənd arası ilə çapdıqları uşaqlıq dostu, uşaqlıq sırdaşı idi.