Gəlmə Mürşüd diribaş idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq açdı. Dolanışığı da yaxşılaşdı, özü də gümrahlaşdı.
Niftalı bir gün eşitdi ki, Mürşüd arvadını incidir. Həftələrlə evə gəlmir, şəhərdə kefdə- damaqdadır, uşaqlarına baxmır. Ürəyi götürmədi. Yanına çağırdı. İki-üç gün gözlədi, amma Mürşüddən cavab çıxmadı. Bir gün yolda qabaqlaşdılar.
– Niyə görünmürsən?
– Nə olub, görünməyim vacibdir?
– Bəlkə, bir sözüm var?
– Sənin mənə nə sözün ola bilər?
– Ə, nə yekə-yekə danışırsan?
– Danışmayanda, susmayacağam ki?
Atlar yüyəni gəmirib fınxırışdılar. Döş-döşə gəlib dal ayaqları üstündə fırlandılar. Yolun tozu göyə qalxdi.
– Ə, deyəsən, gözün ayağıyın altını seçmir?! Nə tez havalandın, bala?!
– Artıq-əskik danışma, sözünü de!
Niftalı kişi hirsini zorla boğdu.
– Bir də eşitsəm ki, arvad-uşağa əl qaldırıbsan, özündən küs, bildin?!
– Qələt eləyərsən, keçmişini də yanına alarsan!
– Ə, gəlmə köpəkoğlu, mənə cavab qaytarırsan?!
Qamçının göydə şaqqıldamağı ilə Mürşüdün atın dırnağının dibinə düşməyi bir oldu.
– Qələt eləmişəm keçmişimlə, ay Niftalı, məni öldürmə, balalarım yazıqdı. Sən dədəyin goru, məni çevir uşaqların başına, savab iş görərsən.
Koxanın qolu boşaldı. Mürşüdün quyunun dibində işıldayan suya bənzər gözlərinə nifrətlə baxdı və yaxasını buraxdı:
– Di get, qurban ol evdəkilərə.
Mürşüd dinməz-söyləməz ayağa durdu. Üstünün tozunu çırpdı, elə dinməzcə də yəhərin qaşından yapışıb atın belinə qalxdı. Bir xeyli sakitcə kəndə doğru sürdü və birdən yüyəni dartıb geri qanrıldı:
– Yaxşı, a koxa, bu hayıfı səndən almasam, kişi deyiləm.
Koxa atı minib tüfəngi hərləyənəcən tozlu yolda gözdən itdi. Səhərisi də eşitdi ki, başını götürüb evdən qaçıb...
Niftalı koxalığa keçəndən sonra istəsə də, istəməsə də, xətrə dəyməli olurdu. Divandərədən nə qədər uzaq gəzsə də, onların gözünə sataşmamağa çalışsa da, olmurdu,