Tüfəngini ağaca söykədi, çəkmələrini soyundu, yaxası qaytanlı köynəyinin düymələrini boşaltdı və palazın üstünə uzanıb mütəkkəyə dirsəkləndi.
Cib dəsmallarının uclarını düyünləyib başlarına keçirmiş biçinçilərin oraqları cingildəyirdi. Bu cingiltilər kövşənlərin xışıltısına qarışmışdı. Biçinçilər tələsirdilər. Onlar da istəyirdilər ki, işlərini tezcə qurtarıb aldıqları haqqı elə buradaca, aranda, xırmanda döyüb, taxıllarını yaylağa, balalarına aparsınlar. Elə Niftalı koxa da tələsirdi. El çoxdan yaylağa qalxmışdı. Amma o, köçünü saxlamışdı. Sözün düzü, kənddə tək qalmaqdan ehtiyatlanırdı. Elə biri gəlmə Mürşüd. Onun əslinin-nəslinin haradan olduğunu kənddə heç kəs bilmirdi. Bircə o məlum idi ki, çoxdan, lap çoxdan, Niftalıgilin doqqazında üstübaşı yamaqlı, acından hülqumu qalxıb-enən, məlul-müşkül baxışlı bir oğlan boynunu büküb dayanmışdı. Əlində əsa, çiynində nimdaş heybə, başında tükü tökülmüş papaq var idi. Soyuqdan üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. Gözü batmış quyunun dibindəki su kimi güclə işıldayırdı.
Səs-küyə bayıra çıxdılar, itlərə acıqlandılar, “A bala, kimsən?” – deyə doqqazdakını səslədilər. Niftalının atası kürkünü çiyninə saldı, oğlu ilə bərabər doqqaza çıxdı, hardansa azıb gəlmiş bu Allah bəndəsinə diqqətlə baxdı və başa düşdü ki, bura adamına oxşamır. Son vaxtlar belələrinə tez-tez rast gəlmək olurdu. Ya düşmənini öldürəndən sonra baş alıb buralara pənah gətirir, ya da bir parça çörək ucundan çöllərə düşürdülər. Kişi oğlanı təpədən-dırnağa diqqətlə süzdü və “Yox, bu, adam öldürüb qaçana oxşamır, – deyə ürəyindən keçirdi, – yəqin, başqa əmması var”. Əslinə baxsan, kişinin oğlanın çuxura düşmüş gözlərindən xoşu gəlməmişdi.
Elə bil qərib bunu hiss etdi, qışın girhagirində qapıdan geri qaytarılacağını başa düşdü və səsinə yazıqlıq verdi:
– Qaçqınam, ay dayı, heç kimim yoxdu.
Kişi oğlunun üzünə baxdı, Niftalı isə gözünü qaçqının yırtıq çarığından çıxmış barmağına zillədi.
– Buranı sənə kim nişan verib?
– Heç kim. Yolu əlimə alıb gəlmişəm. Qapınıza pənah gətirmişəm.
Ata oğula baxdı, oğul da ataya.
– Adın nədir?
– Mürşüd.
Düzmü deyirdi, Allah bilir, kağızı yox, şahidi yox, gəlmə adam idi. Elə o gündən ona kənd arasında “gəlmə Mürşüd” dedilər. Əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi. Köməkləşib balaca bir daxma da tikdilər, mal-qaradan pay ayırıb bir at da bağışladı. Qohum qızlardan birini də alıb onu ev-eşik elədi.