Bədii təsvir və ifadə vasitələrinin işləndiyi misralar | Bədii təsvir və ifadə vasitələrinin növü |
Tanış olduğunuz şeir təkcə şairin yaradıcılığında deyil, ədəbiyyatımızda maraqlı ədəbi hadisə kimi dəyərlidir. Əsərdə insan mənəviyyatı, onun həyatda mövqeyi, məqsədi ilə bağlı suallara cavab axtarılır. Şeirdə oxucunu düşündürən ciddi mətləblər maraqlı, orijinal təsvir və ifadə vasitələrindən istifadə yolu ilə əks etdirilmişdir. Bütün bunların aydınlaşdırılması üçün əsərin üzərində müşahidələrinizi davam etdirməli, sizə təklif olunan tapşırıqların üzərində diqqətlə işləməlisiniz. Eləcə də sərbəst şeir və simvol haqqında burada deyilənləri mükəmməl mənimsəməli, “Çinar ömrü”nə tətbiq etməyə çalışmalısınız.
Ədəbiyyatımızda heca və əruz vəznləri ilə yanaşı, sərbəst şeirdən də istifadə olunur. Əgər heca vəznində hecaların sayı, kəmiyyəti, əruz vəznində hecaların uzun-qısalığı, keyfiyyəti əsas götürülürsə, sərbəst şeirdə bu tələblər gözlənilmir. Belə şeirin başlıca xüsusiyyətləri misraların quruluşunda, qafiyə sistemində müəyyən sərbəstliyin olmasıdır. Belə ki, sərbəst şeirlərdə misraların uzunluğu, bölgülərin sayı fərqli olur. Misralardakı sözlər səpələnmiş olsa da, müəyyən daxili ahəng, poetik intonasiya gözlənilir. Məhz buna görə də yazılışından fərqli olaraq, deyilişində – səslənməsində əsərin sərbəst şeir formasında olması hiss olunmur.
Sərbəst şeirdə misralar həm dalbadal, həm də çarpaz qafiyələnir. Əksər hallarda isə qafiyələnmə bir neçə misradan sonra özünü göstərir.