Əminə xala parçaların arasından nə isə götürüb yaylığa bükdü, qoynunda gizlətdi, sonra gəlib samovarı mizin üstünə qoydu. Uşaqlarını səslədi:
- Qalxın, bu qədər də yatmaq olar?
Yayın isti gecəsindən sonra bir qədər sərinlənən havada uşaqlar rahat nəfəs ala-ala yatırdılar. Onlar qalxıb geyindilər. Bir dəqiqədə sual-cavab başlandı:
- Ana, dünən samovarı aparıb fonda vermədin?
- Ana, mis qazanı aparmadın?
- Uşaqsınız, oturun yerinizdə... Onu mən bilərəm.
- Özün demədin aparacağam?
- Dedim, amma aparmıram.
- Niyə ki, ana?
Bu suallar verilənə qədər bir az hirsli olan ana xeyli yumşaldı. Əvvəlcə balacalardan biri soruşdu, amma indi ikisi də gözünü ona dirəyib kirpiklərini qırpmadan cavab gözləyirdi.
– Samovardan nə olacaq? Soruşdum, dedilər, ondan cəmi-cümlətanı üç-dörd top gülləsi çıxar. Azdır da... Ayıb deyilmi?.. Nə var, nə var, Əminə arvad fonda dörd top gülləsi verib... Yox, aparmıram...
Əminə xalanın işlədiyi corab arteli fəhlələrinin yığıncağı uzun çəkdi. Çıxışlar qurtarandan sonra kim isə xəbər aldı.
– Bəs Əminə xala müdafiə fonduna bir şey vermir?..
Yerdən səs gəldi:
– Əşi, kasıb arvaddır, nə verəcək...
Ömründə söz alıb danışmayan Əminə xala elə bil bunu gozləyirdi. O, yerindən partladı:
– Niyə, nə olub, kasibın qeyrəti olmaz?!. Mənim toxuduğum çorablar həmisə birinci növə düşüb... Daha mükafat almaqdan yorulmuşam... Kasıb niyə oluram?
– Niyə hirslənirsən, Əminə xala?..
– Hirslənirəm, ona görə ki haqqım var... Adam danışanda bir az fikirləşsə, yaxsı olar!..
O bu sözləri deyə-deyə əlini qoynuna saldı. Oradan səhər yaylığa bükdüyü şeyi çıxartdı, hələ açıb göstərməmiş sözünü deyib qurtarmağa çalışdı:
– Dava qurtaranacan hər ay beş günlük məvacibim, bir mis qazan, bir mis samovar... Yaz də, nə durmusan, üzümə niyə baxırsan? Bir də ki bu üzük... Oğlumun nişan üzüyü... Üç min manat vermişəm... Yaz!..
Əminə xalanı yaxşı tanıyan müdir razı olmadı:
– Yox, onu saxla. Axı o, sənin üçün çox qiymətlidir, xala.
Əminə xala duruxdu, müdirə sərt cavab vermək istəmədi:
– Deyirsən, mənim üçün çox qiymətlidir?.. Yox, bundan da qiymətli olan var...
– O nədir, xala?
Əminə arvadın səsi birdən titrədi, o, indi bir ana kimi cavab verdi:
– Oğlum! Ona güllə lazımdır... Bildin?