Hələ gün çıxmamışdı. Təkdənbir əsən meh həyətdəki badam ağacının xırdaca yarpaqlarını tərpədirdi. Bir az bundan əvvəl samovara od salıb yan tərəfdə oturmuş Əminə xala yarpaqların pıçıltısını eşidirdisə də, buna əhəmiyyət vermirdi: onun gözləri yol çəkirdi.
“...Ana! Dünən çox vuruşduq. Qabağımızdakı faşistlərin sayı bizdən beş dəfə çox olardı. Onların pulemyotları yağış kimi güllə yağdırırdı. Mən komandirimizin sol tərəfində durmuşdum. O, bərk yaralandığına baxmayaraq, bizə ürək-dirək verirdi. Mənə də tez-tez: “Qorxma, Salman, – deyirdi, – gözlə, lap yaxına gələndə atarsan”. Mən əlimdəki qumbaranı hazır tutub düşmənin daha da yaxınlaşmasını gözləyirdim. Onlar sürünə-sürünə qabaqkı dikdirə çıxdılar.
Mən az qala nəfəs almayıb komandirin əmrini gözləyirdim. Komandir əli ilə “Səbir elə!” işarəsini verə-verə, gözlərini düşmən gələn tərəfdən çəkmirdi. Birdən faşistlər ayağa qalxıb üstümüzə şığıdılar. Mən əlimdəki qumbaranı atdım. Bilmirəm, dördümü, beşimi toz-torpağa qarışıb qaldı. Ana! Mənim gülləm qurtarmışdı. Süngü davası başlandı. Gərək özün burada olub görəydin. Yalan olmasın, hərəmiz bir aslana dönmüşdük. Vuruşurduq, nə vuruşurduq...
Faşistlər zərbəmizə dözməyib geri qaçdılar. Ax, ana, bu vaxt pulemyotumun bircə daraq gülləsi olaydı, gör onda heç bir faşist də qaçıb qurtula bilərdimi!..”
Əminə xalanın gözləri yol çəkirdi. Oğlunun məktubunu azı yeddi-səkkiz adama oxutdurub tamam əzbərlədiyi halda, bir də təzədən oxutmağa bir adam axtarmaq fikrinə düşdü. Onun xəyalında ancaq bu sözlər dolanırdı: “Bircə daraq güllə... Neyləyim?.. Bu iş əlimdən gəlmir, oğul... Yoxsa, bir daraq nədir, lap yüz daraq yollardım. Qalın corab deyil ki, gündə üç cüt toxuyam. Neyləyim?..”
Əminə xala samovarın səsinə fikirdən ayrıldı, tez durub samovarın qapağını götürdü, yanaqlarına dəyən isti buğdan üzü, alnı tərlədi. “Neyləyim, oğul, samovar deyil ki, o dəqiqə çayını dəmləyib hazır eləyim!” Ananın xəyalından qəribə bir fikir keçdi: “Yox, sənə güllə yollamayacağam. Onu hökumətimiz verər. O, heç vaxt sənin darda qalmağına razı olmaz. Mən səndən ötrü qiymətli bir şey saxlamışam. Var-dövlətdən kasıb da olsam, dar gündə düşmənə möhtac olmaram”. Əminə xala: “sonra yadımdan çıxar”, – deyə fikirləşib evə girdi. Divar şkafının lap yuxarı gözündən alabəzək bir boğça çıxarıb döşəməyə qoydu; əli titrəyətitrəyə boğçanı açdı. Burada hər nə desən, vardı: ipək, şal, müxtəlif rəngdə qadın corabları, parçalar... Hamısını oğlunun nişanlısı üçün saxlamışdı, boğçadakı şeyləri Əminə xala düz on ildə alıb yığmışdı. Hər dəfə açıb baxanda ürəyi tel-tel olurdu: ölməyib o günü görsəydi, heç dərdi olmazdı.