Bayaqdan bəri Firiduna baxıb dişlərini qıcayan və mübaşir Məmmədlə nə isə danışan
Əli əmniyyəbaşı bığlarını eşdi. Əmniyyələr Firiduna tərəf gəldilər... Firidun
müqavimət göstərdi. İtələyib onlardan birini yıxdı. Mübaşir Məmməd və Əli
əmniyyəbaşı gəncin qollarını qatlayıb dalında bağladılar və ağaca tərəf sürüdülər.
Hikmət İsfahani ilə gəlmiş adamlardan bütün bu hadisələri diqqətlə izləyən qartal
baxışlı birisi irəli yeridi, Firidunu göstərərək ərbaba müraciət etdi:
– Bu ağanın danışığından siyasət iyi gəlir, – dedi, – mən cəsarət edib sizdən xahiş
edirəm, onu döyməyin. Onun cəzası daha ağırdır. Bu kiçik bədəni məcazatla ona
layiq olduğu daha ağır cəzadan qurtarmış olarsınız.
Əli əmniyyəbaşı əmniyyələrə nə isə tapşırdı, onlar Firidunu götürüb getdilər.
Hikmət İsfahani üzünü kəndlilərə tutdu:
– Beşdə biri sizindir, dördü mənim, vəssalam! Danışıq qurtardı. Ağayi Kürd
Əhmədi də burada qoyub gedirəm. Mənim vəkilimdir.
Kürd Əhməd ağır nəzərlərlə sükut içində durmuş kəndlilərə baxdı. Kəndlilər qaya
kimi lal, etimadsız, davamlı və yoxlayıcı nəzərlərlə onu süzürdülər.
I dərs
Məzmun üzrə iş
- Əsərin ilk iki parçasını oxuyun (bunu fərqli formalarda həyata keçirə bilərsiniz).
- Hər iki parçanın sonundakı suallara parta yoldaşınızla birlikdə cavab hazırlayın.
- Kiçik qruplarda birləşərək cavablarınızı dəqiqləşdirin və ümumiləşdirin.
- Çıxardığınız nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
- Oxuduğunuz parçanı hissələrə ayırın, birinin məzmununu hazırladığınız plan əsasında yığcam
danışın.
Evdə iş
- Əsərin ardını (I, III, IV parçalar) evdə oxuyun.
- Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
II dərs
Məzmun üzrə iş
- Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin, parta yoldaşınızla birlikdə məzmununa aid
suallar və onlara cavab hazırlayın.
- Kiçik qruplarda birləşib cavabları dəqiqləşdirin və ümumiləşdirin.
- Hazırladığınız yekun cavablarla bağlı təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın.
- Bilik və bacarıqlarınızı tətbiq edin.
- Doğru hesab etdiyiniz fikirləri müəyyənləşdirin. Səbəbini izah edin.
- Firidunun ərbabın oğlunu döyməsi ailənin fəlakətinə səbəb oldu.
- Məhsulun yeni bölgüsünə qarşı çıxdığına görə Musa kişiyə böhtan atıldı.
- Mübaşir Məmməd kəndlilərin hüquqlarını müdafiə edirdi.
- Firidun Musa kişini xilas etmək üçün and içməyi öz üzərinə götürdü.
- Hikmət İsfahani kəndliləri özünə tabe etmək üçün onları qorxu altında saxlayırdı.
- Musa kişi daha çox məhsul əldə etmək üçün uşaqlarını işləməyə məcbur edirdi.
- Müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin.
Evdə iş
- Kitabxanadan, internetdən topladığınız məlumat əsasında təqdimat hazırlayın:
“M.İbrahimovun Cənub mövzusunda əsərləri”.