Əmniyyələr Musa kişini ağaca bağlayıb, yaş söyüd çubuqlarını onun lüt bədəninə çırpmağa başladılar...
Musa kişi ağrılara dözməyə, inildəyib ağlamaqdan çəkinməyə çalışırdı. Firidun onun işgəncədən eybəcər hala düşmüş üzünə, qurumuş dodaqlarına baxdıqda gözləri dumanlanan kimi oldu. Səriyyə xalanın və körpələrin naləsi qulağına çatdı.
– Dayanın, vurmayın! – dedi, – onda günah yoxdur. O, bulağa su gətirməyə getmişdi. Mən vəli qoşmaq istəyəndə ayağım xəlbirə ilişdi, buğdanın üstünə yıxıldım. Dəc pozuldu. Onda günah yoxdur...
Kəndlilər dincəlmiş kimi dərindən nəfəs aldılar. Hikmət İsfahani üzünü Sofi İranpərəstə tutdu:
– Yeri, yeddi addım say!
Sofi İranpərəst yenə yeddi addım saydı. Yenə əlində Quran torpaq qalağının yanında durdu. Firidun qətiyyət və cəsarətlə yeddi addım yeriyib torpağı dağıtdı, Qurana əl basdı:
– Bu Quran haqqı, düz deyirəm.
Camaatdan sevinclə dolu bir səs çıxdı. Musa kişini açıb paltarını özünə verdilər. Firidun qayıdıb Hikmət İsfahaninin qarşısında durdu:
– Ağa, – dedi, – sizin əvvəlki sözünüzü pozmağa haqqınız yoxdur. Bu gərək şərafətinizə də sığışmasın. Necə danışmışıq, elə də gərək məhsul bölünsün. Torpaq sizindir – bir pay, su sizindir – iki pay, mal sizindir – üç pay, toxum bizimdir – bir pay, bax bu əl, bu zəhmət bizimdir – bu da bir pay, elədi iki pay. Deməli, beşdə üçü sizin, beşdə ikisi bizimdir.
Kiçik bir fasilədən sonra səsini ucaltdı:
– Ya öləcəyik, ya da bir ponza artıq verməyəcəyik!
Hikmət İsfahani qışqırdı:
– Xeyr, torpaq iki paydır! Mən hələ xışı, vəli, şananı demirəm... Məgər onlar yerdən çıxır? Onları üstünə gəlsən, gərək sizə beşdə bir yox, altıda bir verəm.
– Bağışlayasınız, ağa, bağışlayasınız. Onlar malın üstündə gedir! Torpaq da bir paydır!.. Rəiyyətin başına bu müsibəti gətirmək olmaz. Rəiyyət də adamdır!..
– Gədə, sən nəçisən? Deyəsən, sənin fikrin köhnə bazara təzə nırx qoymaqdır?.. Bağlayın bunu o ağaca, yüz çubuq!