Mübaşir Məmməd Hikmət İsfahaninin qulağına tərəf əyildi və yenə nə isə pıçıldadı. Hikmət İsfahani ayağa durdu:
– Kişi, yəni sən Allaha-zada inanmırsan? – deyə Musa kişinin yaxasından yapışdı.
– Əstəğfürulla elə, dədəm sənə qurban... Əstəğfürulla elə, ağzın quruyar...
– Yox, inanmırsan deyirəm! Sən Allaha inansan, gecə dəclənmiş buğdanı xırmandan oğurlayıb evinə daşımazsan.
Musa kişi heyrətlə camaata baxdı. Camaat yerində qurumuş kimi durmuşdu.
– Buyur, dədəm sənə qurban, o buğda, o da sən. Gecə necə dəclənib, elə də durur.
Camaat Musa kişinin xırmanına tərəf hərəkət etdi. Mübaşir Məmməd qabaqda, dalınca Hikmət İsfahani və onunla gələn başqa üç nəfər gedirdi. Musa kişi balaca uşaqları da yadından çıxarıb hamıdan qabaq xırmana tərəf qaçırdı.
Xırmana çatdıqda hamını heyrət aldı. Doğrudan da, piramida buğdanın dəci pozulmuşdu. Hikmət İsfahani Musa kişinin boynundan aşağı basıb dağılmış buğdanı göstərdi:
– Hə, bu, nədir?.. Bu, nədir?
Musa kişi dəli kimi bir buğdaya, bir də mübaşir Məmmədə və Əli əmniyyəbaşıya baxıb qışqırdı:
– Camaat, inanmayın! Bu, buğdaların hamısını əlimizdən almaq üçün bir bəhanədir, yalandır!..
Hikmət İsfahani qızardı:
– Deməli, sən dəci pozmamısan, hə?
– Xeyr, Allah bilir ki, mən dəci pozmamışam.
– Yaxşı, onda yoxlayacağam. Qurana əl basdıracağam.
Camaat kənara çəkildi. Sofi İranpərəst yeddi addım sayıb torpaqdan küt bir qalaq qayırdı. Quran əlində onun yanında durdu. Camaat gərgin bir vəziyyətdə Musa kişiyə baxırdı. Firidunun da nəzərləri onda idi. Onun gözlərində ağır bir peşmançılığın izləri vardı...
Hikmət İsfahani soruşdu:
– Hə, di buyur. And iç, sözü qurtaraq, – dedi.
Musa kişi qıçları əsə-əsə üç addım atdı. Dördüncü addımda dayandı. Dönüb Hikmət İsfahaninin qıçlarını qucaqladı:
– Ağa, mənə rəhmin gəlsin, çevir məni balalarının başına, hamısını götür get, heç şey istəmirəm!
Hikmət İsfahani ayağı ilə onu itələdi:
– Yox, belə dinsizləri cəzasız qoymaq özü Allahın yanında böyük bir günahdır, – dedi və üzünü Əli əmniyyəbaşıya tutdu:
– Kəndir gətirin. Bu dinsizi ağaca səriyin, iki yüz çubuq.
Əli əmniyyəbaşı o biri iki əmniyyəyə baxdı, qaşını tərpətdi. Əmniyyələr tez hərəkət etdilər. Heç kəs səsini çıxarmırdı. Musa kişi ölü kimi başını sallayıb durmuşdu. Firidun ona baxır və tərəddüd içərisində düşünürdü. Onun dəci pozub taxıl oğurladığına inana bilmirdi. İndiki hərəkətlərini də anlamaqdan aciz qalmışdı.