Mübaşir Məmməd əyilib Hikmət İsfahaninin qulağına pıçıldadı. Hikmət İsfahani üz-gözünü bir az da turşudub, mübaşir Məmmədə başı ilə razılıq əlaməti verdi. Mübaşir Məmməd üzünü camaata tutdu:
– Ağa, buyururlar ki, insaf və ədalət naminə gərək məhsul onların buyurduğu kimi bölünsün. Başqa heç bir çarə yoxdur. Gərək beşdə birini siz, beşdə dördünü ağa özləri götürsünlər. Çünki ağanın özünün də xərci çoxdur. Dövlətin vergisi var, məmur var, nökər var, hamısı ağzını açıb yemək istəyir.
Kəndlilərin arasından etiraz bildirən bir uğultu keçdi, hər yerdən bir səs gəldi:
– Bəs əvvəlki söz nə oldu?
– Bizim balalarımız torpaq yesin?
– Ölsək də, beşdən iki götürəcəyik.
Bu hay-küy içərisində kütlə hərəkətə gəldi. Onunla ağalar arasındakı dairə xeyli daraldı. Hikmət İsfahaninin əsəbiləşdiyini görən əmniyyələr tüfəngin qundağı ilə camaatı geri oturtdular. Mübaşir Məmməd camaata qışqırdı:
– Bir sakit olun, qoyun sürüsü kimi bir-birinizə dəyməyin!
Firidun Musa kişinin üsyankar bir sifətlə Hikmət İsfahaninin qabağında durduğunu gördü, üç uşağını sağ tərəfinə, Həsənalının altı yetimini də sol tərəfinə düzmüşdü. O, Hikmət İsfahaninin qarşısında ikiqat əyilərək:
– Ağa, dədəm sənə qurban, – dedi, – bu tifillərə bax, bizə yazığın gəlsin. Bax görürsən ki, boğazları çöpdən nazik, qarınları tuluq kimi şişib. Niyə? Ac qalmaqdan, çirkli su içməkdən! Əyinlərini də ki, Allaha şükür, görürsən, çıl-çılpaqdır. Bizə yazığın gəlsin, ağa! Hamımız bu gündəyik.
Mübaşir Məmməd yenə əyilib Hikmət İsfahaninin qulağına nə isə pıçıldadı. Hikmət İsfahani Musa kişinin üstünə qışqırdı:
– Heç utanmırsan, kişi?! Üç ildir, su pulunu vermirsən, bir söz demirəm. Bu da yaxşılığın əvəzidir?
Musa kişi yalvardı:
– Ağa, dədəm sənə qurban, hər il verirəm, qurtarmaq bilmir. Mən verdikcə o artır.
– Birdəfəlik ver, müamiləsi üstünə gəlməsin!
– Neyləyək, ağa, verərəm. Sən bu il bizə rəhm elə, bu tifillərin boğazını kəsmə, biz də borcundan çıxarıq. Allah kərimdir.
Hikmət İsfahani yuxarıdan aşağı nifrətlə ona baxdı:
– Yenə var, yoxsa hamısı budur?..
Musa kişi sualın mənasını başa düşmədi:
– Qanmadım, dədəm sənə qurban, nə buyurdun?
Mübaşir Məmməd dilləndi:
– Ağa buyurdu ki, övladın yenə var, yoxsa hamısı bunlardır?
Musa kişi ciddiyyətlə cavab verdi:
– Bu üçdən başqa, biri də var. Yekə qız uşağıdır. Həya elədim, gətirmədim.
– Bəs bu altısı kimindir?
– Ağa, başına dönüm, yetim kimi bir şeydilər. Dədələrini ikicə gün əvvəl elə buradaca ilan çaldı. Qıçını kəsməli olduq. İndi əlil-zəlil yatır evdə. Bu yetimlərin ruzisini kəsmə, ağa, rəhm elə!
– İmam Rza yolçusu kimi zəhləmizi tökmə, kişi! Yana çəkil!
– Allahdan qorx, ağa!.. Fağır çörəyini yemə, Allahdan qorx!