...Kənd bir-birinə dəymişdi. Xırmanlarda, evlərdə, küçələrdə, bulaq başında, çay qırağında eyni sözü danışırdılar. Bir-birinə rast gələn kəndlilər ayaq saxlayır, durub dərdləşir, “nə etməli?..” – deyə bir-birinin üzünə baxır və ümidsizcə başlarını sallayıb gedirdilər. Heç kəs bu suala cavab tapa bilmirdi. “Nə etməli?” Heç kəs nə etmək lazım gəldiyini bilmirdi. Amma hamı narazı idi. Hamının ürəyi dərddən, qəzəbdən partlamaq dərəcəsinə gəlirdi. Uşaqdan-böyüyə hamının, bütün kəndin qabağında bir sual durmuşdu: nə etməli? Lakin bu suala cavab tapacaq bir adam yox idi.
Bu sual Firidunu da düşündürürdü. O, yeriyəndə də, yatanda da, su içəndə də bu suala cavab tapmağa çalışırdı. Nə etməli? Kəndə böyük ümidlə gəlmişdi... Elə düşünürdü ki, qış xərcini özü ilə aparacaq, Musa kişiyə kömək etməklə özü də çörək dərdi çəkmədən darülfünunda oxuya biləcəkdi, indi bu ümidlər hamısı boşa çıxırdı. Bununla belə, o, özündən artıq kəndlilərin halına yanırdı. Çünki o, canına cəfa basıb, oxuya-oxuya tacir uşaqlarına dərs deyər, necə olsa, güzəranını təmin edərdi. Onu düşündürən tanış olduğu, evlərinin içinə qədər, sandıq və xurcunlarına qədər bələd olduğu, qarşısında bir sürü lümlüt körpəsi civildəşən kəndlilərin halı idi. O, bütün ümidini, bütün gələcəyini builki məhsula bağlamış Musa kişilərin və Həsənalıların yetimlərinin halına yanırdı. Ürəyini dağlayan da bu idi. Mübaşir Məmməd məhsulun bölünməsi haqqında ərbabın yeni şərtini kəndə gətirdiyi saatda gözlərdəki ümid sönmüş, üzlərdəki şadlığı bir qüssə və əzablı bir fikir əvəz etmişdi. O vaxtdan da bu ağır sual ortalığa çıxmışdı: nə etməli?
Kəndlilər hamısı böyük bir xırmanın yanına yığılmışdı. Tayanın dibində köhnə kilimlərdən çadıra oxşar bir şey düzəltmiş və içinə kürsü qoymuşdular. Kürsünün də üstünə xalça döşənmişdi. Orada zahirlərindən çox görkəmli ağalara oxşayan dörd nəfər oturmuş və mübaşir Məmmədlə Əli əmniyyəbaşı qabaqlarında əmrə hazır durmuşdu. Yanlarında iki başqa əmniyyə də vardı. Kəndlilər on beş-iyirmi addım aralı, halay vuraraq onları əhatə etmişdilər.
Musa kişi maraqla kütlənin içərisinə girmək istəyən Firidunu qarşıladı və yavaşca qulağına pıçıldadı:
– Ərbab özü gəlib! Ağayi-Hikmət İsfahani.
– O burda nə edir? Tehranı buraxıb bura niyə gəlibdir?
– Nə bilim... Deyirlər ki, qonaqlarını götürüb yaylağa çıxıbdır. Səyahətə gəlibdir. Yolu buradan düşüb, mübaşir Məmməd çəkib gətirib kəndə.
Firidun adamların arasında özünə yer elədi. Belə ki, o həm kəndliləri, həm də ağaları rahatca görə bilirdi. O, uzunboylu, canlı və bütün boynunu ət basmış Hikmət İsfahanini diqqətlə süzdü. Ərbab qaya kimi susub durmuş kəndlilərə baxırdı. Bu sükutun altındakı qəzəb və nifrəti hiss etmiş, özünü vahiməli göstərməyə çalışırdı. Qaşqabağını sallamışdı. “O, kəndlilərdən qorxur, bu lal kütlənin hərəkətə gələndə sel kimi yolu üzərindəki hər şeyi yuyub aparacağını hiss edir”, – deyə bir fikir Firidunun başından keçdi.
Hikmət İsfahani ağır sükutu pozdu. O, farsca danışırdı. Ağır və dərin bir sükut içində kəndlilər bir-biri ilə baxışdılar. Kim isə:
– Ağa, nə buyurdular, qanmadıq, – dedi, – bizi də başa salın.